SOCAR-dan “Ümid” yatağı ilə bağlı AÇIQLAMA

0
374

SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.

Bu barədə  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir:

“Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 2009-cu ildə SOCAR Xəzərin Azərbaycan sektorunda, “Ümid” strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlayıb və 2010-cu ilin noyabrında “Ümid” nəhəng qaz-kondensat yatağı kəşf edilib.

“Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.