Dünyada ilk: Donordan koronavirus xəstəsinə ağciyər köçürüldü

0
440

Yaponiyalı həkimlər koronavirus səbəbindən ağır sətəlcəmdən əziyyət çəkən xəstəyə canlı donordan ağciyər nəqli əməliyyatını uğurla həyata keçiriblər.

Bu barədə TASS Kyoto Universiteti Xəstəxanasının açıqlamasına istinadən xəbər yayır.

“Dünyada ilk yaşayan donordan ağciyər nəqli əməliyyatının ağır ağciyər zədəsi olan xəstələr üçün ümidverici bir müalicə olacağı gözlənilir”, – deyə yaponiyalı mütəxəssislər bildirib.

Əməliyyatla əri və oğlunun ağciyərindən hissələr qadına köçürülüb. O, keçən ilin sonunda koronavirusa yoluxub, vəziyyəti tədricən pisləşib, hər iki ağciyəri də sıradan çıxmağa başlayıb.

Əməliyyat təxminən 11 saat davam edib. Hazırda xəstə və hər iki donorun vəziyyəti yaxşıdır.

Qeyd edilir ki, bu, dünyada ilk belə əməliyyatdır.

Bundan əvvəl koronavirus xəstələrinə ağciyərlər yalnız beyin komasında olan donorlardan köçürülüb.