AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA

0
346

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələf olunması ilə bağlı açıqlama verib.

AQTA-dan bildirilib ki, agentliyin “1003 – Çağrı Mərkəzi”nə Tərtər rayon, Seydimli kənd sakini Mədətov Ramiz Cavanşir oğluna məxsus təsərrüfatda heyvanların tələf olması ilə bağlı daxil olmuş məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə həmin təsərrüfatda araşdırma aparılıb:

“Araşdırma zamanı heyvanlarda tələfat olduğu müəyyən edilib, kliniki müayinələr aparılıb və tələf olmuş heyvanlardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Aparılan laborator müayinələrin nəticələrinə əsasən, nümunələrdə fasiolyoz xəstəliyinin (helmint xəstəliyi) törədicisi aşkar edilib. Təsərrüfatda mütəxəssislər tərəfindən müvafiq baytarlıq tədbirləri yerinə yetirilib və təsərrüfatın sağlamlaşdırılması ilə bağlı lazımi işlər həyata keçirilib”.

“Hazırda sözügedən təsərrüfatda xırdabuynuzlu heyvanlar arasında tələfatın qarşısı alınıb.
Agentlik bir daha vətəndaşlara diqqətli olmağı, heyvanlarda rast gəlinən xəstəlik halları barədə dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”, – deyə AQTA-dan qeyd edilib.