Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.
Təhsil Nazirliyindən bildirilib ki, 22 fevral – 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89 223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.
Qurum ölkə üzrə dərslərin distant formada keçirilməsi barədə qərar qəbul edilən məktəblərin sayı da açıqlanıb.
22 fevral – 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0,34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0,29 faizi):
“Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Ağdam rayonu 19 nömrəli və Əfətli kənd, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir”.
“Daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və Qaradağ rayonu Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir”, – deyə qurumdan qeyd edilib.