FHN: “Neft boru kəmərləri keçən sahə qamış, quru ot və yanar tullantılardan təmizlənib” – FOTO/VİDEO

0
320

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində fəaliyyət göstərən bir sıra obyektlərin ərazisinin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənməməsi ilə bağlı tədbir görülüb. 

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, sözügedən ərazidə yanar tullantılardan təmizlənməməsi nəticəsində yanğın təhlükəsinin yaranması ilə bağlı daxil olmuş məlumatla əlaqədar qeyd edilən əraziyə baxış keçirilib. 

Həmin ərazidə yerləşən bir sıra obyektlərin, o cümlədən neft boru kəmərləri keçən sahənin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənmədiyi təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, aidiyyəti təşkilat rəhbərləri qarşısında məsələ qaldırılaraq xüsusi texnika və canlı qüvvə cəlb edilməklə ərazinin təmizlənməsi işlərinə başlanılıb. 

Bu günədək Xətai rayonu, Əhmədli qəsəbəsi 622/9-cu keçid ünvanında və Xətai rayonu, Əhmədli qəsəbəsi yolu K.Kərimov küçəsində ümumilikdə 3 hektardan artıq sahə obyekt rəhbərləri tərəfindən işçi qüvvəsi və texnika cəlb edilməklə məişət tullantıları, kol-kos və qamışlıqdan təmizlənib. Yaxın günlərdə işlər tam şəkildə başa çatdırılacaq.