“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili – VİDEO

0
375

“Caliber” müstəqil jurnalist layihəsi “Youtube” kanalında növbəti videotəhlilini yerləşdirib.

Layihənin Abxaziyadan keçən dəmiryolu mövzusuna həsr edilmiş budəfəki təhlilində müəlliflər qeyd edirlər ki, təxminən bir həftə öncə qondarma Abxaziya Respublikası parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək, bu ölkə ilə Ermənistan arasında dəmiryolu əlaqəsinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

“Abxaziya separatçıları tərəfindən Moskvaya “rəsmi” sorğu göndərilib və bildirilib ki, qondarma respublika əhalisi arasında Ermənistanla dəmiryolu xəttinin açılışı tərəfdarlarının sayı günbəgün artmaqdadır. Biz istər Abxaziyada, istərsə də Ermənistanın özündə sözügedən layihə tərəfdarlarının artmasına zərrə qədər şübhə etmirik. Axı Ermənistan uzun illərdir, Rusiya ilə birbaşa dəmiryolu əlaqəsinə malik deyil. İki ölkəni əlaqələndirən və Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu isə hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Odur ki, məsələ ilə bağlı Ermənistanın marağını anlamaq elə də çətin deyil. O ki qaldı Abxaziyaya, bu işğal olunmuş ərazi məhz belə layihələr hesabına öz legitimliyini təsdiq etmək istəyir”, – deyə videotəhlildə bildirilir.

Həmçinin süjetdə bu dəmiryolunun bərpası məsələsinə Gürcüstan tərəfinin münasibəti də öz əksini tapıb. Gürcüstan Respublikasının azərbaycanlıların üstünlük təşkil etdiyi Kvemo-Kartli bölgəsinin eks-qubernatoru David Kirkitadze Rusiya və Ermənistan arasında Abxaziyadan keçməklə dəmiryolu əlaqəsinin bərpasını şərh edərkən bildirib ki, hazırda bu layihənin reallaşması Gürcüstanın maraqlarına cavab vermir. 

“Rusiya bizim ərazimizi işğal edib. Abxaziya problemi Gürcüstanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapdıqdan sonra bu və digər analoji layihələr müzakirə oluna bilər”, – deyə eks-qubernator bildirib.

Videotəhlilin sonunda sözügedən dəmiryolu layihəsinin Azərbaycanın maraqlarına uyğun olmadığı da bildirilir. Belə ki, 1994-cü ildən bəri ölkəmiz Türkiyə və Gürcüstanla birlikdə regionun nəqliyyat infrastrukturu xəritəsini müvəffəqiyyətlə formalaşdırmağı bacarıb.

Daha ətraflı “Caliber”in yeni videotəhlilində: