Mədət Quliyev BƏƏ baş nazirinin müavini ilə görüşdü

0
292

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Mədət Quliyev Baş nazirin müavinindən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.