Bakıda məktəblərin qazanxanaları işləmir? – AÇIQLAMA

0
365

Pandemiya ilə əlaqədar olaraq tədris prosesi onlayn qaydada aparılırdı. Bir müddət olar ki, paytaxt üzrə 10 və 11-ci siniflər istisna olmaqla digər siniflərdə tədris prosesi əyani qaydaya keçirilib.

Əyani tədris prosesinin başlamasına sevinməyə vaxt tapmamış bəzi məktəblərdə istilik sistemlərində problemlərin olduğu ilə bağlı şikayətlər gəlməyə başlayıb.

Oxu.Az-ın redaksiyasına valideynlər tərəfindən göndərilən şikayətdə qeyd olunub ki, uşaqlar soyuqdan sinif otaqlarında otura bilmirlər.

Söhbət paytaxtın Yasamal rayonu ərazisində yerləşən 167 saylı və Xətai rayonundakı 165 saylı tam orta məktəblərdən gedir.

Valideynlər iddia edir ki, adıçəkilən məktəblərdə istilik sistemləri qoşulmayıb. Əyani dərslərdə iştirak edən şagirdlər bu səbəbdən sinif otaqlarında otura bilmirlər.

Məsələ ilə bağlı sosial şəbəkələrdə bir sıra başqa məktəblərdə də bənzər problemin müşahidə olunduğuna dair paylaşımlar edilib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq.

İdarədən  bildirilib ki, bu gün Xətai rayonu 165 nömrəli tam orta məktəbin qazanxanasında problem yaranıb:

“Belə ki, qazanxanadakı iki qazandan birində problem yaranıb. Qısa müddətdə görülən tədbirlər nəticəsində məktəbin istilik təchizatındakı problem aradan qaldırılıb. Məktəb istiliklə təmin olunub. Hazırda məktəbin istiliklə təminatında problem yoxdur”.

Paralel olaraq Yasamal rayonu ərazisində yerləşən 167 nömrəli tam orta məktəbdə də mövzu ilə əlaqədar araşdırma aparıldığı, lakin istilik sistemində heç bir problemin olmadığı qeyd olunub.