131 yaşı olduğu deyilən Azərbaycanın ən qocaman pensiyaçısının real yaşı məlum oldu

0
282

Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası (yoxlama) aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.

Bunu AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasiyası 2014-cü ildə aparılıb:

“Aparılan yaş verifikasiyası zamanı onun yaşının çox şişirdildiyi məlum olub. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real yaşı 95 olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdandır”.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.