Ölkənin ən böyük yarımstansiyası yenidən qurulur – VİDEO

0
308

Ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddəti başa çatan 500, 330, 220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurulur.

“AzərEnerji” ASC-dən verilən məlumata görə, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib. 

Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerjisistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb.

Bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən üç ədəd 220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır.

Eyni zamanda Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından gələn 500 və 330 kilovoltluq hava xətləri birbaşa “Abşeron” yarımstansiyasına daxil olur və strateji əhəmiyyətli yarımstansiya “Sumqayıt”​ Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir. “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur.