Bu ölkələrdən Azərbaycana quş idxalına qadağa qoyuldu

0
380

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan bildirilib ki, daxil olan məlumatlara əsasən, Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistan Respublikasının Maxaraştra və Qücərat, Uelsin Anqlesey və Almaniya Federativ Respublikasının Bavariya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından, Uelsdən və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.