PA rəhbəri iclas keçirdi – FOTO

0
338

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

Samir Nuriyev dövlətimizin başçısının tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.

İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.