AMEA mənzillə bağlı iddialara münasibət bildirib: “Bu, böhtandır”

0
753

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsi müdirinin müavini, Mənzil komissiyasının katibi Sərdar Əliyev akademiyada mənzil bölgüsü ilə bağlı iddialara münasibət bildirib.

S.Əliyevin açıqlamasında deyilir: “Bir neçə gündür ki, ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib.

Məlumat üçün bir daha qeyd edirik ki, AMEA ilə “Evrostroy-S” MMC arasında Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə müqavilə 14 noyabr 2012-ci il tarixdə bağlanmışdır.

“Evrostroy-S” MMC ilə aparılan çoxsaylı görüşlər, gərgin söhbətlər və nəticədə tərəfimizdən respublika prokurorluğuna edilən müraciət sayəsində hazırkı vaxta qədər “Evrostroy-S” MMC tərəfindən AMEA-ya yataqxana ərazisində inşa edilən binadan 58 mənzil (onlardan 4 mənzil mansard hissəsindən) ayrılmışdır. “Evrostroy-S” MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakı şəhərinin kənar hissələrindəki yaşayış məntəqələrində və Bakı şəhərinin digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyir, 36 ailə isə AMEA-da çalışmayanlardır. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir.

Yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın mənzil almağa hüququ olduğu müəyyən edilmiş və onlara mənzil ayrılması barədə qərar qəbul edilmişdir.

“Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq, əsasən elmi dərəcəsi olan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan, elmi dərəcəsi olmayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilmişdir. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda mənzil ayrılmış 61 nəfərə mənzillərin sənədləri və açarları təqdim olunmuşdur.

Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 5-i uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina etmişlər.

Komissiyanın növbəti iclaslarında isə yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına da, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0,5 ştatla işləyən, elmi dərəcəsi olan 5 ailəyə mənzil ayrılmışdır. “Evrostroy-S” MMC tərəfindən ayrılmış yeni mənzillərin də əməkdaşlara verilməsi davam etdirilir.

Müraciətlərin və şikayətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ilin oktyabrından 2018-ci ilin iyul ayına qədər hər həftənin çərşənbə axşamı komissiya tərəfindən qəbul keçirildi. Müraciət edənlərə ətraflı izahatlar və mənzil almayanlara səbəbləri barədə geniş məlumat verilmişdir.

Hazırda şikayət edənlər, yəni mənzillə təmin olunmadıqlarına görə narazı qalanlar aşağıda qeyd edilənlərdir:

-AMEA-da işləyən, yataqxanada yaşadıqları müddətdə adlarına Bakı şəhərində, digər ünvanlarda mənzil olduğuna görə yataqxanada yaşamaq hüququnu itirənlər (11 ailə);

– AMEA-da işləməyən, yataqxanada qeydiyyatı və otağı olan, lakin yataqxanada yaşamayan ailələr (12 ailə);

– AMEA-da 0,5 ştat vahidi ilə işləyən, yataqxanada qeydiyyatı

və otağı olan lakin, yataqxanada yaşamayan ailələr (2 ailə);

-AMEA-da işləmiş, mənzil məsələsinə baxılan zaman AMEA-da işləməyən ailələr (21 ailə);

— AMEA-da heç vaxt işləməmiş, yataqxanada yaşayan ailələr (4 ailə);

-Yataqxanada yaşayan, Bakı şəhərində, digər ünvanda yaşayış sahəsinə hüququ olanlar (2 ailə);

-Mənzil ayrılmış, lakin uzaqda yerləşdiyini əsas götürərək mənzildən imtina edənlər (5 ailə);

-AMEA-da 0,5 ştatla işləmiş, hazırda işləməyən, mənzil məsələsi barədə məhkəmədə iddia qaldıran (1 ailə).

Mətbuatda adları qeyd edilən rəhbər işçilər tərəfindən mənzillərin alınması məsələsinə gəlincə, bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqavilənin 2.1.1. bəndində qeyd edilmişdir ki, “Binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) “Podratçı”ya məxsusdur”.

Həmin müqavilənin 2.1.3. bəndində qeyd edilmişdir ki, “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır.

Odur ki, AMEA-nın yataqxana məsələsi ilə əlaqəsi olmayan xeyli sayda əməkdaşları, o cümlədən də AMEA-nın bəzi rəhbər işçiləri öz maliyyə vəsaitləri hesabına, alqı-satqı yolu ilə həmin binalardan mənzillər almışlar. Lakin qeyd edilən müqaviləyə əsasən “Evrostroy-S” MMC tərəfindən həmin binalardan AMEA-ya ayrılacaq mənzillərin sayı az nəzərdə tutulduğuna, AMEA rəhbərliyi ilə “Evrostroy-S” MMC arasında gərginlik yarandığına görə AMEA-nın ərizədə adları qeyd edilən rəhbər işçiləri alqı-satqı qaydasında aldıqları mənzilləri bir neçə il qabaq geri qaytarıblar və ödədikləri maliyyə vəsaitini rəsmi olaraq geri alıblar. O vaxtdan mənzillər həmin əməkdaşların adlarından çıxarılıb və hazırda da onların adlarına “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalarda heç bir mənzil yoxdur.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən yataqxanada boşalan otaqlara AMEA-nın magistrləri və doktorantları təhsil aldıqları müddətə və kirayələrdə yaşayan digər AMEA əməkdaşları isə işlədikləri müddətə, qeydiyyata alınmadan yerləşdirilirlər. Onlarla qanunvericiliyə müvafiq qaydada bir il müddətinə müqavilə bağlanır.

Sonda onu bildirmək istəyirik ki, bu məsələlərdə səriştəsi və savadı olmayan insanların fikir söyləyərək ictimaiyyəti çaşdırmaq, mənfi rəy yaratmaq cəhdləri yersizdir və dövlət strukturuna qarşı böhtandan başqa bir şey deyil”.