Xaçmazın bataqlığı xatırladan yolları ilə bağlı rəsmi açıqlama – YENİLƏNİB + FOTO

0
399

“Təəssüf ki, Xudat şəhərini Bostançı və Dədəli kəndləri ilə birləşdirən yol yaxşı vəziyyətdə deyil. Biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.

Bu sözləri mövzu ilə əlaqədar  açıqlamasında Xaçmaz rayon Dədəli kənd icra nümayəndəsi Abdulla Didarov deyib. 

Onun sözlərinə görə, həmin yolun həqiqətən də təmirə ehtiyacı var:

“Bələdiyyə hər il öz daxili imkanları hesabına yolların vəziyyətini yaxşılaşdırmağa çalışır. Müşahidə olunan yağmurlu hava şəraiti həmin yollarda çuxurların yaranmasına səbəb oldu. Yollar bu gün günün tələblərinə cavab vermir. Odur ki, ağır tonajlı yük maşınları keçdiyi zaman yol daha da yarasız hala düşüb”.

İcra nümayəndəsi bildirib ki, onların inzibati ərazisinə daxil olan yeddi kənddən yalnız dördünün yolları asfaltlanıb:

“Bu yollar da vaxtilə asfaltlanıb. Biz dəfələrlə aidiyyəti qurumlara, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişik. Bizə bildiriblər ki, sözügedən yola asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Müvafiq qərar əsasında yolda zəruri tədbirlərin görülməsi məsələsinə baxılacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən Xudat-Bostançı yolu yerli əhəmiyyətli avtomobil yoludur:

“Bu, kəndlərarası yoldur. Uzunluğu 10 kilometr olan yol təmir olunması nəzərdə tutulan yolların siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi yenidənqurma işləri həyata keçiriləcək”.

10:31

Xaçmaz rayon sakinləri kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.

Bu barədə kənd sakinləri məlumat verib.

Onlar iddia edir ki, söhbət Xudat şəhərini Bostançı və Dədəli kəndləri ilə birləşdirən yoldan gedir:

“Sadalanan bu kəndləri birləşdirən yollar yaman gündədir. Bu qədər kənd əhalisinin hər biri bu problemdən əziyyət çəkir. Bostançı kəndi Xaçmaz rayonunun ən qədim dörd kəndindən biridir. Sovet dövründən bu günə qədər yolların bərpası üçün aidiyyəti qurumlara çoxsaylı şikayətlər edilsə də tədbir görülməyib.

Heç bir rayonda bu vəziyyətdə olan kənd yolları yoxdur. İcra hakimiyyətinə də bununla bağlı müraciət etmişik, gəliblər, baxıblar. Bir müddət yollara daş tökdülər, amma o da bir il qaldı. Sonra yenidən hər şey bərbad hala düşdü. Lakin biz də bilirik ki, bu işlərin mərhələli şəkildə aparılması təkcə icra hakimiyyətindən asılı olan iş deyil. Bütün hallarda bizim məqsədimiz bataqlığı xatırladan kənd yollarının bərpa olunmasıdır. Uşaqlar hər gün bu yollarla məktəbə gedir. Əziyyət çəkirik. Xahiş edirik bu problemin həlli üçün ciddi tədbirlər görülsün”.

Sakinlərin sözlərinə görə, yollar o qədər bərbad haldadır ki, biri xəstələnəndə təcili tibbi yardım maşını gəlib kəndə çata bilmir.

“Yağış yağanda yollar daha da bərbad hala düşür. Bostançı kəndində 400-ə qədər ev, 1 500 nəfərə yaxın sakin var. Aidiyyəti qurumlardan bu problemin həll etməsini rica edirik”,-deyə müraciətdə qeyd olunub.