Qaradağın icra başçısı AIBA-dakı postunu itirib?

0
393

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasındakı (AIBA) işini davam etdirir.

Bu barədə  ABF-nin mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov bildirib.

Dekabrın 12-də onlayn şəkildə AIBA-ya prezident seçkiləri keçirildi. S.Mikayılov namizədlərdən biri olsa da, səs toplaya bilmədi. Bu posta Rusiya Boks Federasiyasında baş katibi Umar Kremlyov seçildi.

Bununla belə, S.Mikayılov qurumun Direktorlar Şurasında İcraiyyə Komitəsi və Büro üzvü kimi təmsil olunmağa davam edir. 3 noyabr 2018-ci ildən bu postda yer alan S.Mikayılov AIBA-nın seçkiləri keçiriləcək növbəti Konqresinə kimi vəzifəsində qalacaq. Həmin Konqres isə növbəti il – 2022-ci ildə keçiriləcək.

Bundan başqa, AIBA quruma baş katib də daxil olmaqla yeni komitələrin tərkibini müəyyənləşdirməyə başlayıb. Bunun üçün federasiyalar AIBA-nın Marketinq Komitəsi, Yarışlar Komitəsi, Hakimlər Komitəsi, Məşqçilər Komitəsi, Çempionlar və Veteranlar Komitəsi, Qadınlar Komitəsi, Tibb və Anti-dopinq Komitəsinə fevralın 1-dək öz namizədlərini göndərib.

ABF-dən verilən məlumata görə, Azərbaycandan da namizədlər təqdim olunub. Həmin postlara namizədlər təsdiqləndikdən sonra adlar açıqlanacaq.

Qeyd edək ki, hazırda Süleyman Mikayılov AIBA-nın Marketinq Komissiyasında təmsil olunur.