“Vergi və rüsumlar üzrə azadolmalar “Azergold” və qızılın rəsmi satışını həyata keçirən digər qurumların satış mərkəzlərində qiymətlərə təsir edəcək”.
Bunu “Azergold” QSC-nin İdarə heyətinin sədr müavini Xəyyam Fərzəliyev vergi və rüsumlar üzrə azadolmaların qızıl qiymətlərinə təsirindən danışarkən deyib.
“Çünki, istehsalçılar üçün tətbiq olunan vergi rüsumları azaldılır və xammal daha ucuz başa gəldiyinə görə bu, qızıl məmulatlarının da qiymətlərinə təsir edəcək, yəni, qiymətlər azalacaq. Amma onu da nəzərə almaq lazımdır ki, dünya bazarında qızılın qiymətləri son illər ərzində artmaqdadır” – deyə, o bildirib.
QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov əlavə edib ki, bu gün “Azergold” QSC daxili bazarı xammal qızılla təmin etməyə hazırdır:
“Bunun üçün mövcud sahədə fəaliyyət göstərən zərgərlər və sahibkarlar tərəfindən “Azərgold” QSC-yə müraciət olunmalıdır. Qızılın beynəlxalq birja dəyəri mövcuddur və sahibkarlar tərəfindən QSC-yə müraciət olunduğu təqdirdə birja qiymətlərinə uyğun olaraq təkliflər əsasında xammalın təmin edilməsinə hazırıq. Xammalın və istehsal edilmiş malların bazara çıxarılması şəffaf formada aparılacaq”.