COVID-19 xəstələri 63 gün yoluxdurucu ola bilərlər – Həkim rəyi

0
394

Əvvəlcədən qazandıqları xəstəliklərin müalicəsinə görə immuniteti süni şəkildə aşağı salınmış və ya xəstəlikdən dolayı immuniteti aşağı düşmüş xəstələr üzərində aparılan elmi tədqiqatın nəticələri məlum olub.

Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev danışıb.

O bildirib ki, SARS-CoV-2 virusuna yoluxma zamanı ölüm hallarının və ağır kliniki gedişlərin çoxluq təşkil etdiyinə görə bu xəstələr xüsusi risk qrupuna aid edilib. Alimin sözlərinə görə, hər zaman xüsusi əhəmiyyət kəsb edən bu xəstə qrupları üzərində indiyədək bu istiqamətdə tədqiqatlar aparılmasa da, koronavirusa qarşı mübarizənin yeni mərhələsində elmi araşdırmaların aparılması zərurəti yaranıb:

“Xüsusi risk qrupuna daxil olan xəstələrin arasında əvvəlcədən qazandıqları xəstəliklərin müalicəsinə görə immuniteti süni şəkildə aşağı salınmış və ya xəstəlikdən dolayı immuniteti aşağı düşmüş xəstə qrupları virusla mübarizədə ayrıca önəm kəsb edib. Bu günə qədər bu qrupların xəstəliyi ağır keçirdikləri barədə kifayət qədər elmi tədqiqatlar olsa da, bu insanların virusun yayılmasındakı rolu barədə heç bir tədqiqata rast gəlinmirdi. Artıq bu istiqamətdə aparılan elmi tədqiqatın nəticələri məlum olub”.

Sözügedən tədqiqatın əhəmiyyətini xüsusi olaraq vurğulayan azərbaycanlı alim deyib ki, indiyədək tibbi cəhətdən metodik hissəsinin doğru təşkil edilməsi çətin proses olduğuna görə belə tədqiqatlara rast gəlinməyib:

“Əslində, çox önəmli olan bu tədqiqatı tibbi cəhətdən təşkil etmək çox ağır proses olduğuna görə bunun bu günlərə qədər olmaması başa düşülən idi. Artıq bir neçə gündür ki, nüfuzlu elmi jurnalda bu önəmli tədqiqat dərc olunub və nəticələri isə ölkələrdə tətbiq olunan strategiyalarda mütləq nəzərə alınmalıdır. Deməli, bu tədqiqata qazandıqları xəstəliklərdən dolayı immunitetləri kəskin aşağı olan xəstələr daxil edilib. Belə immunsupressiyası olan qrupa əsasən limfa sisteminin xərçəngi, sümük iliyi köçürülmüş xəstələr və fərqli orqanların xərçəngləri olan insanlar daxil edilib. Tədqiqatın əsas məqsədi belə xəstələrdə virusun bədəndən tam nə zaman xaric olmasını bilmək və onların neçə gün yoluxdurucu olmağını öyrənmək idi. Tədqiqatın nəticəsindən bəlli olur ki, xəstələrin yarıdan çoxu COVID-19-un simptomlarının yarandığı gündən 63 gün sonra virusu bədəndən tam xaric edir və həmin günə qədər yoluxdurucu olublar. Yəni 63 gün ətrafdakı insanları da yoluxdura bilərlər. Digər önəmli məsələ də bu cür xəstələrin bir neçə dəfə xəstələnə bilməsidir”.

“Tədqiqatın nəticəsinə görə bu cür xəstələr, eyni zamanda müəyyən kimya-terapiya müalicəsinə görə immuniteti aşağı olan xəstələr mütləq yeni strategiyada ciddi nəzarətə alınmalıdırlar. Çünki onların 63 günlük yoluxduruculuq qabiliyyəti və hətta bir neçə dəfə yoluxa bilmələri virusun kəskin yayılmasına səbəb ola bilər. Bu, bizim ölkədə də vəziyyəti ciddi dəyişə bilər”, – N.Abdullayev əlavə edib