Səbail Rayon Məhkəməsində Baku Steel Company MMC şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Rasim Məmmədov qarşıdakı 4 ayda həbsdə qalacaq. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Rasim Məmmədovun həbsinə səbəb olan şikayəti Dövlət Təhlükəsizlik Xidmətinə general Teymur Mehdiyev və eks-deputat İlham Əliyev təqdim ediblər. Yolunu həbsdən saldıranlar ona yad adamlar deyil. Teymur Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin oğlu, İlham Əliyev isə kürəkənidir. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pullarının dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia edirlər.
Açıqlanmasa da, bilinir ki, Rasim Məmmədov ondan şikayət edənlərin qeyri-rəsmi sahibliyində olan “Baku Steel Company”nin rəhbəri ikən qeyd olunan məbləğlərə əl uzadıb.
Belə məlumatlar var ki, Rasim Məmmədov Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra onunla əvvəlkitək təmasda olmayıb. Kürəkəni İlham Əliyevin toy məsələsinə görə həbs olunmasından sonra isə ümumiyyətlə telefonlarına belə cavab verməyib.
Mehdiyevin yaxınları araşdırma apartdırıb və Rasim Məmmədovun onlara “atmasını” müəyyən ediblər. Bundan sonra Rasim Məmmədovdan qeyd olunan məbləğ tələb edilib.
O isə pulu verməkdən imtina edib. Düşünüb ki, keçmiş hamiləri adlarının ortaya çıxacağından ehtiyat edəcəklər, bu səbəbdən də ondan şikayət etmələri mümkün olmayacaq.
Lakin göründüyü kimi, Rasim Məmmədov yanılıb.
Eyni zamanda bu şikayətin ortaya çıxması Rasim Məmmədovun, onun hamilərinin illər ərzində cidd-cəhdlə gizlətməyə çalışdığı, hamının bildiyi bir həqiqəti təsdiq edib.
Rasim Məmmədov müsahibələrində ”Baku Stell Company”nini mən 2011-ci ildə Beni Ştayntsmandan almışam” deyirdi, MMC-nin Ramiz Mehdiyevə məxsusluğunu qətiyyətlə təkzib edirdi.
Ortaya çıxan şikayət ərizəsi Rasim Məmmədovun illərlə yalan danışdığının təsdiqidir.
Geniş ictimaiyyətə Ramiz Mehdiyevin tayfasından olanların Rasim Məmmədovla “Baku Stell Company”dən savayı digər bir MMC-də, biznes layihəsində şəriklikləri haqda məlumat yoxdur.
Bu baxımdan Rasim Məmmədov Teymur Mehdiyevin və kürəkən İ.Əliyevin milyonlarını Baku Stell Company MMC-dən başqa bir yerdə böyük dələduzluqla ələ keçirə bilməzdi.
İnanılmazdır, amma bu gün Rasim Məmmədov illər uzunu ona hamilik etmiş Ramiz Mehdiyevin tayfasından olanlara qarşı dələduzluq etməkdə ittiham olunur.
Bu tayfabazlıq Azərbaycanın metallurgiya sahəsinə çox baha başa gəlib. Rasim Məmmədovun əli ilə ölkənin metallurgiya sənayesi iflic duruma salınmaqla bir əldə cəm edilib, tənəzzül nöqtəsinə gətirilib. Rasim Məmmədovun özbaşınalıqları, ara-sıra dövlət qurumlarına belə meydan oxuması Ramiz Mehdiyevin adına bağlanıb. İlkin olaraq Paolo Pərviz “Baku Steel Company”dən qovuldu, ardından metallurgiya sənayesinin əsasını təşkil edən digər zavodlara hücumlar başladı. Rasim Məmmədovun başçılıq etdiyi reyder hücumları Zülfuqarlı qardaşlarına məxsus “Bakıelektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər Boru” zavodlarının ələ keçirilməsi ilə nəticələndi. Zavodları Lerik dağlarında çobanlıq edən Gəray Məmmədovun adına rəsmiləşdirmişdilər. Bu, cinayətin izini itirmək üçün atılan addım idi. O zaman Gəray Məmmədovu Bakıya gətirib Keşlə qəsəbəsinin kənarında yerləşən, əsasən gecəqondu daxmalardan ibarət “Şanxay” massivində məskunlaşdırmışdılar. Başında yanmış papaq, əynində nimdaş paltar, ayağında qaloş gəzən Gəray Məmmədov ayda 350 manat məvacibə imza atmaqla rəsmi dəftər-kitabda zavod direktoru olduğundan bixəbər idi.
Yeri gəlmişkən, Zülfüqarlılara qarşı cinayətlər bir gün də araşdırılmamış qalıb. İş adamı Nazim Məmmədovun da metal istehsal edən zavodu Rasim Məmmədovun təzyiqləri nəticəsində bağlanıb.
Rasim Məmmədovun bu cür oyunları metallurgiya sənayesini dirçəltmək potensialına malik iş adamlarını ölkədən didərgin salmışdı.
Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət edirdilər. Lakin Zülfüqarlı qardaşları – Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itirib. Nurəddin Zülfüqarlı Türkiyəyə köçmək məcburiyyətində qalıb.
Rasim Məmmədov bununla da sakitləşmədi, ölkə ərazisində olan metaləritmə sexlərinə başının dəstəsi ilə hücum edib metal qırıntılarını talan edir, domna sobalarını dağıtmaqla bir daha sexin fəaliyyətinin bərpa edilməsinin qarşısını alırdı. Mafiya üsulları ilə ölkənin metallurgiya sənayesi ələ keçirildi, inhisara alındı. Bundan sonra Rasim Məmmədov ölkəyə xaricdən gətirilən metal məmulatlarının, əsasən armaturun daşınmasına qarşı fəaliyyətə başladı. İlkin olaraq İrandan, ardından isə Gürcüstan gətirilən armaturların keyfiyyətsiz olması haqda mediaya məlumatlar ötürülürdü. Məlum oldu ki, bu xəbərlər Rasim Məmmədovun maraqları çərçivəsində dövriyyəyə buraxılır, həmin məhsullar gözdən salmağa çalışılır.
Baku Steel Company MMC-nin sahibi və Müşahidə Şurasının sədri olduğu günlərdə Rasim Məmmədov açıqlama verirdi ki, Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir. Rasim Məmmədovun səyləri nəticəsində 2014-cü ildən etibarən Gürcüstandan Azərbaycana armatur idxalı kəskin şəkildə azaldı, sonra isə tamamilə dayandırıldı. Rasim Məmmədovun hədəf aldığı digər istiqamət yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələri idi. Dağıdıb, talan edə bilmədiklərini də bu gün onun həbsinə səbəb olanların dəstəyi ilə məhkəmə qərarı olmadan bağlamağa müvəffəq oldu. Rasim Məmmədovun rəhbərliyi dövründə BSC bir neçə iri dövlət müəssisəsini özəlləşdirib.
Azərboru ASC real qiymətindən qat-qat aşağı qiymətə ələ keçirilib. Daşkəsəndə yerləşən “Filizsaflaşdırma” ASC-ni də eyni üsullarla ələ keçirmək üçün Rasim Məmmədov bir neçə il ərzində çabalar göstərib, müəssisəni dövlətin müəyyənləşdirdiyi qiymətdən ikiqat ucuza əldə etməyə çalışıb. Daşkəsən yataqlarının idarəedicisi olan Daşkəsən Filizsaflaşdırma ASC-ni ələ keçirmək üçün Rasim Məmmədov dövlət orqanlarına belə təpki göstərməkdən çəkinmirdi. Həmin yataqlarda 270 milyon ton dəmir filizi ehtiyatı var. Polad İstehsalı Kompleksinin 2013-cü ilin aprelində yaradılması məsələsi boş yerdən ortaya çıxmadı. O zaman Daşkəsəndəki kombinatın rəhbərliyinin “Baku Steel Company” tərəfindən zorla uzaqlaşdırılması haqda məlumatlar yayılırdı. Həmin kombinat rəsmi mənbələrdə Britaniya şirkəti kimi təqdim olunan “Det.Al Holding” şirkətlər qrupunun Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə investisiya müsabiqəsinin nəticəsi olaraq bağlanmış müqavilə əsasında idarəsi altında idi. Amma 2013-cü il aprelin 8-də “Baku Steel Company” Bakıda keçirilən mötəbər iqtisadi forum çərçivəsində Almaniyanın “SMS Siemag” şirkəti ilə Gəncədə metallurgiya istehsalı layihəsinin öyrənilməsi və “Siemens” VAI şirkəti ilə Daşkəsəndə yeni müəssisənin tikilməsi barədə sənədlər imzaladı. “Baku Steel Company” Rasim Məmmədovun sifətində nümayişkəranə şəkildə ortaya “əlcək ataraq” qanunlara meydan oxumuş, özgə əmlakı üzərində qərar verməyə cəsarət etmişdi. Əslində bu cür hərəkətlər Rasim Məmmədov üçün adi idi. Çünki buna qədər metallurgiya sənayesində inqilabi sıçrayışa nail ola bilmiş Zülfüqarlı qardaşlarına qarşı etdiklərinə görə ona hamisinin sayəsində toxunan olmamışdı. Odur ki, Rasim Məmmədovda dövlətə də meydan oxuyub cəzalanmayacağına arxayınlıq yaranmışdı. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi o zaman şirkətin buna səlahiyyəti olmadığını bəyan etdi.
Rasim Məmmədov bir tərəfdən Daşkəsəndə və Gəncədə öz metallurgiya kompleksini qurmaq iddiasını ortaya qoyur, digər tərəfdən, bazara tələbatdan artıq metal məmulatı çıxarmağın lüzumsuz olduğunu deməklə bu sahədə fəaliyyətdə olan dövlət şirkətinin gərəksiz işlə məşğul olduğunu söyləyirdi. Rasim Məmmədov milyardlarla investisiyadan danışır, amma zavodlarında fəhlələrin maaşlarını da vermirdi. Zavodların səhmdarlarına isə divident vermək isə Rasim Məmmədova ümumiyyətlə yad bir əməl idi.
Onun hamisinin sayəsində 20 ilə yaxın metallurgiya sənayesini inhisarda saxlamasından dövlətə də, bu sahəyə vaxtilə böyük sərmayə yatırmış iş adamları böyük ziyan görüblər.
İqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, istənilən sahənin inhisarı həmin sahənin inkişafının qarşısını alır:
“Oyun qaydaları prinsipləri var. Bir sahənin inhisara alınması oyun qaydalarının pozulması deməkdir. Oyun qaydaları pozulanda isə həmin sahənin inkişafdan qalır, bir növ raxit uşağa çevrilir. Aydındır ki, bir sahənin inhisarda saxlamaq üçün güclü hami lazımdır. Hamiçilik olmasa, inhisar da olmaz. Bu gün araşdırılmalı məsələlər sırasında həm də bu məsələ var”.
Əkrəm Həsənov deyir ki, dövlət məmurlarının biznesə qarışması son nəticədə bu cür biabırçı durum yaradır: “Bacarıqlı, öz işlərini bilən iş adamları sıradan çıxarılır, onların yerlərini məmurların təyin etdiyi diletantlar tutur. Belələrinin vəzifəyə təyinatı bacarıqları ilə bağlı deyil, sadəcə, şəxsi münasibətlərə, qohumluq əlaqələrinə söykənir. Ona görə də məmurların ”əl qoyduğu” sahənin inkişaf edəcəyini gözləmək olmaz. Belə yerlərdə bacardıqca çox talamaq, ələ keçirmək prinsipləri hökmrandır. Bilirlər ki, gec-tez bu sahə əllərindən çıxacaq. Ona görə də sahənin inkişafı kimsənin marağında olmur. Tez bir zamanda varlanmaq üçün talamaq həvəsi ilə sahənin çöküşünü, tənəzzülünü şərtləndirirlər”.
İqtisadçı ekspert deyir ki, gerçəkləşən həbsdən sonra atılacaq addımlar bu sahənin hansı istiqamətə yön alacağını müəyyən edəcək.