2020-ci ildə uşaqlara ən çox verilən adlar açıqlandı – SİYAHI

0
358

“İl ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, insan doğulandan ölənə qədər onun barəsində məlumatlar məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əsasında aparılır:

“2020-ci il ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb. Bu sahədə yüksək nəticələrə nail olunması diqqətdə saxlanılır.

İl ərzində səyyar xidmət vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının verilməsi məqsədilə xəstəxanalarda 1 401 uşaq doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamələri valideynlərə təqdim olunub.

Doğum şəhadətnaməsi olmayan 1 312 uşaq aşkar edilib və 1 205 doğum qeydiyyata alınıb. Digərlərinə isə doğum aktının müəyyən olunması ilə bağlı köməklik göstərilib. 

İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaqdan 100 nəfərin doğumu dövlət qeydiyyatına anılıb.

2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub. Onlardan 1 691-i əkiz, 46-sı üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb.

Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, Əli qızlara isə Zəhra, Məryam, Mələk və Aylin adları üstünlük təşkil edib”.