Aydın Xan Əbilov: “Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi bizə bir çox fürsətlər verəcək”…

0
304

Xəbər verdiyimiz kimi Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təkliflər var. Bu barədə İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bir neçə gün öncə keçirilən brifinqdə təklif irəli sürüb. O, irəli sürülən təklifin tezliklə baş tutacağını da qeyd edib.

Məsələ ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansi rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycana bizə bir çox fürsətlər verə bilər:
“Əslində bu, Azərbaycan tərəfindən də səslənən bir təklif idi. Xatırladım ki, bir neçə gün öncə ölkə Prezidenti İCESCO-nun rəhbərliyi ilə görüşü zamanı vurğulamışdı ki, İCESCO-nun Qafqaz üzrə regional mərkəzin məhz Azərbaycanda təşkil olunması ilə bağlı təkliflərə müsbət yanaşır və bu təklifi reallaşdırmağa hazırıq. Bundan sonra İCESCO rəhbərliyi tərəfindən Şuşa şəhərinin İslam dünyasının mənəvi və mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklif səsləndi. Bu təklifi çox gözəl qarşılamaq lazımdır.

Məlum olduğu kimi Şuşa nəinki Azərbaycanın, Qafqazın, eyni zamanda dünyanın mədəniyyət mərkəzlərindən biridir. Əgər indi İCESCO Şuşanı İslam dünyasının mədəniyyət mərkəzi elan edirsə biz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün bu fürsətdən istifadə etməliyik. Çünki biz yalnız Avropa ölkələri ilə deyil, həm də Şərq dünyası ilə çalışan, Qərb və Şərqi birləşdirən bir ölkə sayılırıq.
Eyni zamanda Şərqdə Azərbaycanın çox böyük turizm potensialı var. Məlum olduğu kimi xarici turistlərin xüsusən də ərəblərin, pandemiyaya qədər ölkəmizə axını var idi. Bu axın o qədər güclü idi ki, hətta şikayətlənirdik ki, “ərəblər çoxdur “və sairə. İndi Şuşa mədəniyyət paytaxtı elan olunur. Bu o deməkdir ki, bundan sonra Şuşaya böyük turist axını olacaq, biznes inkişaf edəcək.

Şuşanın eyni zamanda İslam dünyasının turizm mərkəzlərindən birinə çevrilməsi, qarşılıqlı olaraq Azərbaycanın mədəniyyət, turizm sənayesinin inkişafına və bizə illik gəlir gətirmək baxımından da önəmi böyükdür. Həm də İslam dünyası ilə Qərb dünyası arasında, Avropa ilə Asiyanı birləşdirən bir mərkəz olan Azərbaycanın yeni bir simada dünyada tanıtmaq baxımından çox önəmli bir addım olar. Ona görə də biz bunu dəstəkləyirik və hesab edirəm ki, bütün Azərbaycan xalqı bu təklifi dəstəkləməlidir”.

Xalidə Gəray,