Azərbaycanda vaksinasiya prosesinə başlanılıb – FOTO

0
337

Bu gün ölkədə koronavirusla mübarizə çərçivəsində vaksinasiya prosesi başlayıb. 

Vaksinasiyaya ilkin mərhələdə tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər cəlb olunacaq. 

Poliklinikada tibb işçilərinin “Sinovac” vaksini ilə peyvəndlənməsi üçün iki kabinet ayrılıb. 

Bakı şəhəri A.H. Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova Oxu.Az-a açıqlamasında bildirib ki, poliklinikanın 160 nəfərə qədər işçisi vaksinasiya olunacaq: 

“İşçilərimizin yarısı məzuniyyətdədir. Amma hazırda işdə olan 140 nəfərə yaxın tibb işçiləri bir-bir yoxlanılacaq və onlara vaksin vurulacaq. 

Vaksinasiya olunmazdan əvvəl şəxslər “Peyvənddən əvvəl həkim müayinəsi” otağında yoxlanılacaq. Şəxsin hər hansı xəstəliyi (ürək əməliyyatı keçirməyibsə, qan xəstəlikləri, dördüncü dərəcəli onkoloji problemi, ağır allergiyası yoxdursa və s.), hərarəti və təzyiqi yoxdursa, onu vaksinasiya kabinetinə göndərirlər. Vaksinasiyadan sonra şəxslər 30 dəqiqə oturaq vəziyyətdə olmalıdır”. 

K.Cabbarova bildirib ki, vaksinasiya hər kəs üçün iki dəfə vurulacaq: 

“Birinci dozadan 21 gün sonra ikinci doza vaksin vurulur. Hər doza 0,5 qr olmaqla vurulacaq. Bütün proseslərin qeydiyyatı aparılacaq və heç bir gecikmə ola bilməz. Tam olaraq 21 gündən sonra növbəti vaksinasiya aparılacaq və bununla da proses tamamlanmış olacaq”. 

“Bizim müəssisədə həm də Endokrinoloji Mərkəzin və Epidemioloji Mərkəzin tibb işçilərinin də vaksinasiyası həyata kreçiriləcək” -, deyə K.Cabbarova qeyd edib.

İlk olaraq baş həkim K.Cabbarova vaksinasiya olunub. Terapiya şöbəsinin müdiri Yeganə Rüstəmova, daha sonra baş tibb bacısı Sevinc Sadıqova vaksinasiya olunacaq. Poliklinikada 50-64 yaş arası və 65 yaşdan yuxarı şəxslər qrafik üzrə vaksinasiya ediləcək. 

Qeyd edəki ki, 18 yaşdan aşağı şəxslərə vaksin vurulmur.