“İgidliyə görə” medallı, üçqat ölkə çempionu, Borçalı əsilli XTQ gizirinin həyat hekayəsi – FOTO/VİDEO

0
398

Ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyevim imzaladığı Sərəncama əsasən “İgidliyə görə” medalı ilə təltif olunan hərbçilərdən biri də gizir Bədəlli Elmar İlqar oğludur.

Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirən Elmar Bədəlli 44 günlük Vətən Müharibəsi dövründə demək olar ki, bütün cəbhələrdə döyüşmüş, qəhrəmanlıqlar göstərmiş, onlarla düşməni məhv edərək qələbəmizdə pay sahiblərindən biri olmuşdur.

Xüsusilə Cəbrayıl istiqamətindəki döyüşlərdə və Xudafərin körpüsünün azad olunması zamanı bir sıra qəhrəmanlıqlar göstərən Elmar tarixi abidəyə Üçrəngli Şanlı Azərbaycan Bayrağı sancılarkən ölkə başçısına raport verən dəstənin tərkibində olub.

Bədəlli Elmar 1995-ci ildə Bakı şəhərində anadan olub.

Əslən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndindən olan Elmar kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. Şərq-əlbəyaxa döyüş növlərini sevən qəhrəmanımız idmanın taekvondo növünü seçib. Dəfələrlə istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurlar qazanan, bayrağımızı layiqincə dalğalandıran Elmar həm də vətənpərvərliyi ilə seçilib.

O, üç dəfə Azərbaycanın ən gücülüsü adına layiq görülüb, bir dəfə Hollandiya, bir dəfə isə Gürcüstanda keçirilmiş beynəlxalq turnirlərdə medal qazanmağı bacarıb. 

Ali təhsilini Azərbaycan Texniki Universitetində alan Elmar Bədəlli həqiqi hərbi xidmət keçdikdən sonra həyatını hərb sənəti bağlamaq qərarına gəlib.

Yüksək fiziki göstəriciləri ilə yanaşı peşəkar idmançı kimi seçilən qəhrəmanımız zabitlərin də diqqətini çəkib və gizir kurslarını keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətə başlayıb.

Sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayan ordumuzun sıralarına qoşulan Elmar ilk olaraq Murov dağındakı bir sıra əhəmiyyətli zirvələrin işğaldan azad olunmasında iştirak edib.

Daha sonra Füzuli, Cəbrayıl, yuxarıda qeyd etdiyimiz kimi, Xudafərin körpüsünün azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərən gizir Bədəlli Elmar ardınca Zəngilan və Qubadlının işğaldan azad edilməsi üçün baş verən döyüşlərdə də ən öndə gedənlərdən olub.

Laçın uğrunda gedən döyüşlərdə də iştirak edən Elmar Bədəllinin qəhrəmanlıqları diqqətdən kənarda qalmayıb və Ali Baş Komandanın Sərəncamı ilə o, “İgidliyə görə” medalı ilə təltif olunub.

Bu gün təkcə ailəsi deyil, həm doğulduğu, canı və qanı ilə xidmət etdiyi Azərbaycan, həm də əsli-kökü ilə bağlı olduğu, obası, eli olan Faxralı və bütün Borçalı Elmarla qürur duyur, onun qəhrəmanlıqlarından böyük ruh yüksəkliyi ilə danışırlar.

Hazırda ordu sıralarında xidmətini davam etdirən gizir Bədəlli Elmar hər zaman olduğu kimi Vətəninin keşiyindədir!