Hulusi Akardan Qarabağla bağlı növbəti AÇIQLAMA

0
358

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında Azərbaycanın torpaqları uğrunda apardığı mübarizə ilə bağlı danışıb.

O, Ermənistanın 30 ilə yaxındır, Azərbaycan ərazilərinin 20 faizini əhatə edən Dağlıq Qarabağı və yeddi rayonu işğal etdiyini xatırladıb.

Türkiyəli nazir bir milyondan çox Azərbaycan türkünün didərgin düşdüyünü və 20 mindən çox şəhidi olduğunu da bildirib.

Xocalı qətliamı başda olmaqla Ermənistanın törətdiyi vəhşiliyin hələ də xatırlandığını vurğulayan H.Akar deyib:

“27 sentyabrda Ermənistanın mülki yaşayış məntəqələrini hədəf alan hücumları səbrləri daşıran son damla oldu. Azərbaycan Ermənistanın həyata keçirdiyi hücumları dayandırmaq və ərazilərini işğaldan qurtarmaq üçün “Artıq bəsdir” deyərək hərəkətə keçdi.

“Bir Vətən Əməliyyat Planı” həyata keçirilməyə başlandı. 44 gün davam edən, lakin 44 il sonra da danışılacaq bir qələbə ilə nəticələnən əməliyyatla Azərbaycanın doğma torpaqları Ermənistanın işğalından azad edildi və 10 noyabrda Sülh Sazişi qüvvəyə mindi.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan cənab Vladimir Putin ilə şərtlər və daimi atəşkəs razılaşması barədə də danışıqlar aparıb lazımi töhfəni təmin etdilər”.

O, qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətlərin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir.

H.Akar tarixi Zəfərin qeyd edilməsi gününün Atatürkün vəfat etdiyi 10 noyabr əvəzinə 8 noyabr tarixinə elan olunmasına da toxunub:

“Həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Beləliklə, Azərbaycan, “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir olduğumuzu bir daha göstərdi. Türkiyə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”.