“Aqro-vest DC” Silahlı Qüvvələrə 300 min manat dəyərində dəstək göstərib – FOTO

0
463

“Aqro-vest DC” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat vəsait köçürüb, bundan başqa əsgərlər üçün 200 000 manat dəyərində 70 026 ədəd müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri təmin edib.

Sentyabr ayının 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin silahlı qüvvələri Ermənistan respublikası qoşunları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması, eləcə də, digər ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyinin təmini üçün əks-hücum əməliyyatlarına start verib.

Qısa zamanda artıq şanlı ordumuz qalib ordu olduğunu isbat edib. Bu gün qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir şəxsi yalnız bir sual düşündürür – mən VƏTƏN üçün nə edə bilərəm? Ayrı-ayrı fərdlər, şirkətlər, dövlət qurumları hər kəs çalışır ki, QƏLƏBƏDƏ payı olsun!

“Aqro-vest DC” MMC şirkəti ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə etmiş, bundan başqa şəxsi heyət üçün ümumi dəyəri 200 000 manat olan 18 276 cüt corab, 4250 ədəd isti papaq, 15 000 ədəd isti alt geyim dəsti, 5 000 cüt çəkmə, 5 000 ədəd siqaret və 22 500 ədəd birdəfəlik üzqırxanla təmin edib.

“Aqro-vest DC” MMCnin baş direktoru Anar Şərifov: “Əgər 10 gün əvvəl biz hamımız Cənab Prezidenti dəstəkləyərək, ölkəmizin iqtisadi inkişafına çalışırdıqsa, bu gün hamımız həm də onun əmrini gözləyən ƏSGƏRLƏRİK!

Hər bir vətəndaş kimi biz də çalışırıq ki, “Qarabağ Azərbaycandır!” amalının həyata keçirilməsi üçün səylərimizi əsirgəməyək! Bizim 28 əməkdaşımız hazırda döyüş bölgəsindədir. Biz onların əmək haqlarını  tam şəkidlə saxlamış və bildirmişik gözləri arxada qalmasın, şirkətimiz daim onların əzizlərinin yanında olacaqdır! Etdiyimiz  ianə və dəstəyə gəlincə, qeyd edim ki, biz bununla kifayətlənməyəcək, zaman-zaman dəstəyimizi göstərəcəyik!”

“Aqro-vest DC” MMC şirkəti  gündəlik tələbat məhsullarının idxalı və dağıtımı üzrə fəaliyyət göstərir. Şirkətdə 809 nəfər əməkdaş çalışır.