Ukrayna Qarabağda yenidən müharibənin başladığına görə təəssüflənir, vasitəçi kimi çıxış etməyə hazırdır və eyni zamanda istənilən ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü əsaslı şəkildə dəstəkləyir.
Bu barədə ölkənin Xarici İşlər naziri Dmitri Kuleba deyib.
“Silahlı münaqişə nəticəsində işğal olunmuş əraziləri olan bir ölkə kimi, əlbəttə ki, hər hansı bir dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq. İstər Ermənistan, istər Azərbaycan, istərsə də başqası olsun, fərqi yoxdur (…). Ukrayna bu mövzuda hər zaman Azərbaycanı dəstəkləyib, Azərbaycan da Ukraynaya dəstək verib, burada hətta danışılası bir şey yoxdur”, – ukraynalı nazir bildirib.
Ukraynanın “Motor Sich” şirkəti yaxın zamanda Türkiyə ordusu və dünya silah bazarına daxil olacaq Türkiyə zərbə PUA-sı “Bayraktar Akıncı” üçün mühərriklər istehsal edir.
Ukrayna ilə Türkiyə arasında bu sahədə əməkdaşlığın necə olacağı barədə suala D.Kuleba Kiyevin onu fəal şəkildə inkişaf etdirmək niyyətində olduğu cavabını verib:
“Bizim Türkiyə ilə hərbi-texniki sahə də daxil olmaqla, dərin strateji tərəfdaşlığımız var. Biz eyni zamanda, PUA-lar alırıq, onların istehsalında iştirak edirik, bunlar çox perspektivli layihələrdir. Biz bunları aktiv şəkildə inkişaf etdirməyi və yeni bazarlara çıxmağı planlaşdırırıq, çünki Türkiyə və Ukrayna ittifaqı hər iki ölkə və bütövlükdə bölgə üçün çox faydalı ola bilər”.
Ukrayna da Rusiya kimi keçmişdə həm Azərbaycana, həm də Ermənistana silah satıb. D. Kuleba bu baxımdan nə bu, nə də digər ölkənin silah almaqla bağlı embarqo altında olmadığını, Ukraynanı isə heç bir beynəlxalq normanı pozmadan silah satmaq hüququna sahib olduğunu qeyd edib.
Nazir həmçinin tərəflərin istədikləri təqdirdə Ukraynanın Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik etməyə hazır olduğunu da bildirib:
“Hazırda münaqişəni izləyirik, ümid edirik ki, minimum qurbanla sona çatacaq”.