Çin portalı Azərbaycan multikulturalizmindən yazıb

0
660

Çin Xalq Respublikasının nüfuzlu “The Caspian Times” xəbər portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə müsahibə dərc edilib.
Mərkəzin mətbuat xidmətindən  bildiriblər ki, müsahibədə Azərbaycanın multikulturalizm modelinin üstünlüklərindən, mədəniyyətlərarası və dinlərarası dialoqda Prezident İlham Əliyevin yeni çağırışlarından, bu siyasətin regional və qlobal təhlükəsizliyə verdiyi töhfələrdən geniş bəhs olunub. Bildirilir ki, multikulturalizm Azərbaycanda özünün ən yüksək zirvəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və uğurlu siyasi modeldir. Azərbaycanda müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bu günədək sülh şəraitində birgə yaşayır. Eyni zamanda, bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunurlar. İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıbdır. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Azərbaycan dünyəvi respublikadır. Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir.
Həmçinin diqqətə çatdırılır ki, multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycan dünyadan mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də tanınır. Göründüyü kimi, multikulturalizm siyasətinin təsiri çox böyük və həyati əhəmiyyətlidir.
Müsahibədə, eyni zamanda, vurğulanır ki, Azərbaycanın bütün ali təhsil məktəblərində bakalavriat və magistratura pillələrində multikulturalizm ayrıca fənn kimi tədris olunur. Müxtəlif etnosa, mədəniyyətə və dinə məxsus uşaqların eyni təhsil imkanlarına malik olması, onların eyni sinifdə təhsil almaları, hətta azsaylı xalqların öz dillərində də təhsil imkanlarının onlara verilməsi məsələsi kifayət qədər əhəmiyyətlidir. Azərbaycanda bu vəziyyət Konstitusiya və “Təhsil haqqında” Qanunla tənzimlənir, həm də praktikada uğurla tətbiq olunur. Bu məsələ hazırda demək olar ki, əksər dövlətlərdə müzakirə mövzusudur. Azsaylı xalqların dilində dərsliklərin olması, peşəkar pedaqoq bazasının formalaşdırılması vacib amillərdəndir. Əgər gələcəkdə tolerant və multikultural bir nəslə sahib olmaq istəyiriksə, mütləq təhsildə belə hallara həssas yanaşılmalıdır.