Beyrutu dağıdan maddəni ora aparan rus kapitan danışdı

0
580

Beyrut limanında böyük partlayışa səbəb olduğu deyilən ammonium nitratı 6 il öncə ora daşıyan “MV Rosus” adlı gəminin kapitanı Boris Prokoşev açıqlama verib.Kapitan açıqlamasında o vaxt apardıqları maddənin gübrə olduğunu zənn etdiyini bəyan edib.

“Onların gübrə olduğunu zənn edirdim. Düşündüm ki, tarlalarda kompost üçün daşınır. Sənədlərdə bu şəkildə qeyd olunmuşdu”, – B.Prokoşev söyləyib.

Batumidən Mozambikə üzdüklərini, ancaq texniki problemlər səbəbindən Beyrut limanında dayandıqlarını deyən Prokoşev bunları qeyd edib:

“Gəmidəki bütün kabinlər kilidləndi və açarlar limanda miqrasiya xidmətində saxlanıldı. Bir neçə nəfər gəmiyə gələrək yoxlama apardı. Gəmidən ammonium nitratın Nəqliyyat Nazirliyinin nəzarəti altında anbara aparıldığını öyrəndim”.

Prokoşev vurğulayıb ki, gəmi ammonium nitratı daşıdığı üçün Beyrut limanında saxlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Rusiya Dənizçilər Birliyi Moldova bayrağı altında üzən “Rosus” gəmisinin Beyrut limanında ciddi pozuntulara yol verdiyi üçün saxlanıldığını açıqlamışdı. Bildirilir ki, gəmi sahibi layihəyə maraq göstərmədiyi üçün ekipajın maaşını verməyib və partlayışa səbəb olan ammonium nitrat da 6 ildir limanda qalıb.