Türk həkimlər cəbhə bölgəsində – Foto

0
776

Türkiyə Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin üzvü Halit Küçük Gökalp və Türkiyə Milliyyətçi Həkimlər Birliyinin sədr müavini Yavuzhan Baş Azərbaycana səfər ediblər.

Bu səfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və Tərxis olunmuş Hərbçilər və Gənclərin Maarifləndirmə İctimai Birliyinin təşkilaçılığı ilə baş tutub.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilər və Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib ki, ilk olaraq ümummilli lider Heydər Əliyevin məzarı, daha sonra Şəhidlər Xiyabanı, türk şəhidlərinin məzarı və Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib.

E.Həsənli bildirib ki, onlar 260 türk həkiminin qurbanını kəsməyə gəliblər:

“Hər il qurbanlarını Qarabağda kəsirdilər. Bu il koronavirus pandemiyasına görə səfər təxirə salınacaqdı. Amma Tovuz hadisələrindən sonra səfərin təşkil olunmasında israr etdilər. Azərbaycan Ordusunda dəstək məktubu göndərdilər. Ondan əvvəl isə cənab prezidentə müraciət etmişdilər ki, koronavirusla mübarizədə Azərbaycana dəstəyə hazırdırlar.

Türk həkimlər Tovuz hadisələrindən sonra Ağdam kəndinə getmək, yerli sakinlərə, ordumuza, Azərbaycana dəstək olmaq istədiklərini israrla bildirdilər”.

E.Həsənli qeyd edib ki, Tovuza səfərdən əvvəl şəhid generalımız Polad Həşimovun ailəsi ziyarət edilib:

“Bundan sonra Tovuzda və Ağstafada olan şəhidlərimizin ailəsi ziyarət edildi.

Səfər zamanı Ağstafa, Qazax, Beyləqan, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarında qurbanlar kəsildi. Qurbanlar hərbi hissələrə, şəhid ailələrinə və Qarabağ əlillərinə paylandı.

Bölgələrə səfər zamanı xəstəxanalarda da oldular. Xəstələrin vəziyyəti ilə maraqlandılar. Bildirdilər ki, növbəti səfər təşkil olunacaq və şəhid ailələrinin, Qarabağ əlillərinin müalicəsinə kömək ediləcək. Həmçinin bildirildi ki, şəhid ailələrinin, Qarabağ əlillərinin övladlarının Türkiyədə tibb sahəsində təhsil almalarına dəstək məqsədilə təmənnasız hazırlıq kursları təşkil olunacaq”.

Tovuza səfər zamanı milli azadlıq hərəkatının əfsanə isimlərindən olan Novruz Həsənovun da məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

“Türkiyənin milliyyətçi həkimləri hər zaman Azərbaycanla birlikdə olduqlarını bir daha bəyan etdilər.

Qeyd edim ki, dərnəklə bizim təşkilatın 3 ildir sıx əməkdaşlığı var və bundan sonra da davam edəcək. Azərbaycana gələn həkimlər Türkiyənin ən nüfuzlu xəstəxanalarında çalışan professorlar, universitetlərin müəllimləri, dərnəyin qurucu üzvləridir.

Bu səfər Türkiyə Azərbaycan dostluğunu bir daha sübut etdi. Tovuz hadisələrində Türkiyənin Azərbaycana dəstəyini bütün dünya bir daha gördü”, – deyə, E.Həsənli məlumat verib.