Polkovnik-leytenant Rəşad Məmmədov: “Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri heç bir üçüncü ölkəyə qarşı yönəlməyib”

0
605

Hər il olduğu kimi, bu il də iyulun 29-dan avqustun 10-dək ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Yeri gəlmişkən önəmli bir məqamı xüsusi olaraq qeyd edim ki, bu təlimlər əvvəlcədən imzalanmış ikitərəfli plana əsasən keçirilir və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.

Bunu açıqlamasında Ehtiyatda olan polkovnik-leytenant Rəşad Məmmədov deyib.

R.Məmmədov bildirib ki, təlimlərin keçirilməsində məqsəd hər iki ölkənin müvafiq qoşun növlərinin şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatları icra etmək vərdişlərini inkişaf etdirmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Təbii ki, təlimlərin indiki vaxtda keçirilməsi bəzi üzdəniraq ekspertlər və vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr tərəfindən bunun iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim ediləcəyi istisna olunmur. Lakin, qeyd edim ki, bu cür və bu miqyasda təlimlər bir-iki gün ərzində razılaşdırılıb keçirilə bilməz. Bunun üçün əvvəlcədən hazırlıq aparılır, təşkilati işlər görülür. Bir ölkədən digər ölkəyə çoxlu sayda şəxsi heyət, hərbi texnikanın daşınmasının özü elə böyük bir prosedurdur. Məhz elə bu səbəbdən də əminliklə deyə bilərəm ki, bu təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, əvvəlcədən imzalanmış ikitərəfli plana əsasən keçirilir və sözsüz ki, təlimlərin keçirilmə yeri və tarixi də əvvəlcədən həmin planda öz əksini tapıb.

“Yarana biləcək bütün sualları aradan qaldırmaq üçün qeyd edim ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə hələ 1992-ci ildə imzalanıb. Sonrakı illərdə isə bu sahədə bir çox digər müqavilələr də imzalanıb. İki ölkə arasında keçirilən birgə hərbi təlimlər qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir.

Mütəmadi olaraq birgə hərbi təlimlərin keçirilməsində hər iki tərəfin məqsədi ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf etdirilməsidir. Bu günədək Azərbaycan ilə Türkiyə arasında bir çox hərbi təlimlər keçirilib. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı – 2019″ və bir sıra digər təlimlərini göstərmək olar. Ümumiyyətlə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Builki təlimlərin özəlliyi onların təkcə Bakı şəhərində deyil, eyni zamanda Azərbaycanın bir neçə şəhərlərində – Naxçıvan, Gəncə və Kürdəmirdə keçirilməsidir. Hər il olduğu kimi bu il də təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Fikirlərimi yekunlaşdıraraq xüsusi vurğulamaq istəyirəm ki, güclü və hərtərəfli təchiz edilmiş qoşun növlərinə malik olan Azərbaycan və Türkiyə ordularının birgə təlimlər keçirməsi əslində kiməsə güc nümayiş etdirmək deyil, əksinə həm bölgədə, həm də beynəlxalq səviyyədə sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olduqlarını ifadə etməkdir”,-deyə polkovnik leytenant qeyd edib.