Pəhriz saxlayanların nəzərinə…

0
555

Arıqlamaq üçün müxtəlif üsullar var. Artıq çəkidən xilas olmaq üçün pəhriz saxlayanlar, idman məşğələləri edənlər və müxtəlif dərmanladan istifadə edənlər var. Arıqlamağa kömək edən məhsullar istifadəçilərə müxtəlif formalarda — bitki çayları, qəhvə və həblər şəklində təqdim olunur. Qısa zamanda təsir göstərən preparatlardan istifadəni çoxları məqsədəuyğun hesab etmir.

Satış statistikası həmin preparatların alıcılarının heç də az olmadığını göstərir. Təbii ki, arıqlamaq istəyən hər kəs qısa vaxtda nəticə əldə etmək arzusundadır. Həmin məhsulların dadı xoşagələn və təsiri səmərəlidir. Bəs onların sağlamlığa zərəri varmı?

Həkim-diyetoloq Ləman Süleymanova  bildirib:“Bəzən insanlar tərəzidə çəkilərinin azaldığını görəndə sevinirlər, əslində isə azalan çəki su və əzələ itkisidir. Həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılır və çəkinin orqanizmin yağ kütləsindən itirilməsi vacibdir. Riskli qidalardan alınan vitaminlər bağırsaqlarda rahat mənimsənilmir. Orqanizm həmin məhsulları mənimsəməmiş onların bədəndən xaric olması nəticəsində vitamin və mineral çatışmazlığı yaranır. Bir müddət sonra həmin insanlar saçlarının tökülməsi, aqressivlik və s. hallarla əlaqədar həkimə müraciət etməli olurlar”.

Onun dediyinə görə, arıqlamaq üçün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir: “Yaxşı olar ki, çekap müayinədən keçərək kökəlmənin səbəbi öyrənilsin və bundan sonra arıqlamaq daha rahat olacaq. Arıqlamaq üçün hər gün fiziki aktivlik nümayiş etdirmək və bağırsaqlarda faydalı bakteriyaları artırmaq lazımdır və hətta bunun üçün əlavə probiotiklərdən də istifadə etmək olar. Təbii ki, balanslı və düzgün qidalanmaq da ən əsas şərtlərdən biridir”.

İstənilən halda orqanizmlə əlaqədar verilən qərarlarda həkim məsləhəti vacibdir. Mütəxəssis tövsiyəsi olmadan pəhriz saxlamaq bəzən sağlamlıq üçün fəsadlar törədə bilər.