Bu işə medianı da cəlb edin – Prezident

0
683

Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar.

Bunu iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, su ehtiyatlarının qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər:

“Bu işlərə ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.

Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək”.