“Evsiz” partiyalara ofis veriləcək, fəaliyyət göstərməyənlər “cəzalanacaq” – AÇIQLAMA

0
596

“Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin müşavirəsi əhəmiyyətli sıçrayışa səbəb ola bilər”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüş keçiriblər

İclas “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunmuşdu.

T.Kərimli bildirib ki, iclasda Azərbaycanın milli problemləri, siyasi partiyaların inkişafı məsələləri müzakirə edilib.

“Eyni zamanda, Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı gördüyü tədbirlər müzakirəyə çıxarıldı. Dövlət başçısının başladığı dərin islahatlara dəstək verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı”, – deyə T.Kərimli əlavə edib.

Millət vəkili hesab edir ki, bu görüşdən sonra siyasi partiyalarla dialoq mühiti güclənəcək.

Deputat siyasi partiyaların ofislə təmin olunması və qurultaylarının keçirilməsi üçün daimi zalın ayrılması barədə yüksək səviyyədə razılığa gəlindiyini bildirib.

T.Kərimlinin sözlərinə görə, bəzi partiyaların qeydiyyata alınmasının vacibliyinə də diqqət çəkilib:

“Lakin bir sıra fəaliyyət göstərməyən partiyalar var ki, onlar barəsində hüquqi ölçü götürüləcək”.

Partiya sədrinin fikrincə, görüşün həm siyasi partiyalara, həm də demokratiyanın inkişafına faydası olacaq.

Xatırladaq ki, həmin görüşün sonunda parlamentdə təmsil olunan partiyalar birgə bəyanat qəbul ediblər.

Bəyanatda Prezident tərəfindən dövlət idarəçiliyində aparılan islahatların yeni mərhələsinə toxunulub.

Bunun siyasi sistemi möhkəmləndirmək məqsədilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasına, həmçinin, ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş addımların təqdir edildiyi bildirilib.

Dövlətçilik üçün prinsipial olan məsələlərin milli maraqlar naminə səy birliyi və həmrəylik yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb. Habelə Prezident və Birinci vitse-prezident tərəfindən koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirilən tədbirlərin dəstəkləndiyi ifadə olunub.