Bakıda marketdə qanunsuz tələb müəmması: İcra Hakimiyyətinin “ötür-ötür” oyunu – VİDEO

0
533

Sabunçu Rayon İcra Hakimiyyəti nümayəndələrinin Bakıxanov qəsəbəsində yerləşən “Megastore” mağazasında yol verdiyi qanunsuz hərəkətlərlə bağlı müxtəlif fikirlər səsləndirilib. Ekspertlər, millət vəkilləri baş verənləri Nazirlər Kabinetinin qərarlarına qarşı çıxmaq kimi qiymətləndirib.

Baş verənlərin qanunsuz, yoxsa qanunauyğun olduğunu dəqiqləşdirmək üçün onları dinləmək istədik.

Telefonlarımıza cavab verən İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov sözügedən məsələdən xəbərdar olmadığını deyib. Lakin bildirib ki, karantin rejimi qaydaları çərçivəsində İcra Hakimiyyəti nümayəndələri tərəfindən ərazilərdə hər gün reydlər keçirilir:

“Bizdə, demək olar ki, hər gün reydlər keçirilir. Qurum tərəfindən təxminən 12 qrup halında rayon ərazisində karantin qaydalarına riayət edilməsinə nəzarət olunur. Nümayəndələrimiz tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir.

Əməkdaşlarımız insanların çox sıx olduğu ərazilərdə, marketlərdə, parklarda, məhəllələrdə müşahidə aparıb, insanların karantin rejimi qaydalarına ciddi riayət etməsinə nəzarət edir. Dediyiniz məsələ ilə bağlı məlumatım yoxdur. Amma elə bir hadisənin olduğuna inanmıram. Əks halda bizə məlumat verilərdi”.

Sualımıza cavab ala bilmədik.

Sabunçu Rayon İcra Hakimiyyətinin səhifəsində icra başçısı Adil Vəliyevin otaq nömrəsinin qeyd olunduğunu görüb, təəccübləndik. Birbaşa icra başçısı ilə əlaqə saxlamaq üçün nömələri (428-23-00) yığdıq. Təəssüf ki, zənglərimizə cavab verən olmadı.

Qeyd edilən digər nömrədə isə (429-52-00) zəngimizə cavab verən xanım əvvəlcə bizi Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Abbas Zeynalova yönləndirdi. A.Zeynalov isə bizi dinləyib məsələdən xəbərdar olmadığını, bu sahə üzrə suallarımıza başqa şöbədən əməkdaşın cavab verməli olduğunu bildirdi.

Bu dəfə isə bizi müvafiq şöbəyə yönləndirən xanım suallarımızı Sabunçu Rayon İcra Başçısının müavini Rəna Fərəcovanın cavablandıracağını deyərək, onun otaq nömrəsini verdi. Növbəti nömrədə zəngimizə cavab verən Rəna xanımın köməkçisi bizim icra başçısının köməkçisi Müslüm Mahmudovla əlaqə saxlamalı olduğumuzu dedi.

İcra Hakimiyyətində oturan bütün şöbələrlə hal-əhval tutduqdan sonra son olaraq Müslüm Mahmudovla əlaqə saxladıq. İclasa tələsdiyini desə də, bizə vaxt ayırdı.

Müslüm Mahmudov açıqlamasında bildirdi ki, ümumiyyətlə, bu günə qədər İcra Hakimiyyəti nümayəndələri tərəfindən keçirilən reydlər zamanı Sabunçu rayonu ərazisində karantin qaydalarını pozduğu üçün bağlanan obyekt olmayıb:

“O ki qaldı mağaza daxilində hər hansı şöbənin fəaliyyətinin dayandırılması məsələsinə, belə bir şey olmayıb. Olsa, bizə məlumat verilərdi”.

Sualımıza yenə də cavab ala bilmədik.

Xatırladaq ki, iddiaya görə, reyd zamanı Bakıxanov qəsəbəsində yerləşən “Megastore” mağazası daxilində oyuncaq, tekstil məhsulları satılan şöbələrdə satışların dayandırılması tələb olunub.

Mağaza rəhbərliyi isə bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarda heç bir bəndin olmadığını deyir. Lakin buna baxmayaraq, İcra Hakimiyyəti nümayəndələri mağaza daxilindəki həmin şöbələrin lentə alınmasını və şöbələrdə satışların dayandırılmasını tələb edib. Əks təqdirdə cərimə tətbiq ediləcəyi barədə xəbərdarlıq olunub.

Qeyd edək ki, iddiaya görə, reyd zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də orada olduğu və sosial məsafəni pozduğu bildirilib.