Həqiqət Qədirova: “Həkimlər arasında COVID-19-a kütləvi yoluxmalara dair məlumatlar əsassızdır”

0
776

Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kütləvi yoluxmalar olduğuna dair məlumatlar paylaşılır.

İnstitutun bəzi işçilərinin kütləvi yoluxma səbəbindən işdən ayrılmaq üçün ərizə yazdığı da iddia olunur.

Məsələyə aydınlıq gətirən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova açıqlamasında bildirib ki, institutda heç bir kütləvi yoluxma faktı yoxdur:

“Ərizə yazan Babayeva Gülnarə İnstitutda çalışan kiçik tibb işçisidir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun uşaq vərəm şöbəsində çalışıb. İyun ayının 23-dən sonra İnstitutun pandemiya xəstəxanasına çevrilməsinə qərar verildi. Vərəm şöbələrində müalicə alan xəstələrimiz aidiyyəti üzrə digər tibb müəssisələrinə köçürüldü və müalicələri orada davam etdirilir. Həmin G.Babayeva və digər tibb işçiləri isə koronavirus infeksiyasına yoluxan xəstələrin müalicə prosesinə cəlb edildi. Heç bir həftə deyil həmin xanım COVID-19 xəstələri ilə çalışır, ancaq ərizəsini yazıb işdən çıxmaq istəyir. Xanımın 60 yaşı var, sağlamlığına görə narahat olduğunu deyir. Biz onu başa düşürük, heç nə deyə bilmərik. Lakin İnstitutda kütləvi yoluxma var iddiası və bu səbəbdən işdən ayrılmasını deməsi həqiqəti əks etdirmir. Tibb işçilərini işləməyə məcbur edə bilmərik, qərarlarına hörmətlə yanaşılacaq”.

H.Qədirova bu məsələnin, eləcə də institut barədə bir sıra əsassız neqativ məlumatların təxribat xarakterli olduğunu deyib:

“Bilirsiniz ki, ölkəmiz pandemiya ilə mübarizə vəziyyətindədir. Bütün tibb müəssisələrində olduğu kimi, bizim İnstitutda çalışan həkimlər arasında da COVID-19-a yoluxanlar olub. Bu barədə ictimaiyyətə də məlumat verilmişdi. Amma onu da qeyd edim ki, yoluxma heç də müəssisə daxilində qeydə alınmamışdı. Həmin şəxslər ailə daxilində, eləcə də müxtəlif ictimai yerlərdə, ictimai nəqliyyatda və s. infeksiyaya yoluxmuşdular. Odur ki, qeyri-dəqiq informasiya yayılmasın.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim və digər tibb işçiləri üçün lazım olan geyimlər, fərdi qoruyucu vasitələr, tibbi maskalar, əlcəklər, eynəklər, dezinfeksiyaedici məhlullar var. Bütün şöbələrdə qaydalara birmənalı şəkildə riayət edilməsi üçün təlimatlar verilib. Əgər kimsə bu vasitələrdən düzgün istifadəyə laqeyd yanaşarsa, bu, fərdi olaraq, həmin işçinin öz məsuliyyətsizliyi hesab olunur. Neçə aydır koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan tibb işçilərimiz, həkimlərimiz var. Qaydalara da çox ciddi şəkildə riayət edirlər. Bunun nəticəsidir ki, şükür Allaha, heç birində yoluxma faktı aşkarlanmayıb”.