Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

0
498

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərar verib.

Normalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.

Təhsil üzrə mütəxəssislər qərarı şərh ediblər.

Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəb isə azdır. Həmin siniflərə 30-40 uşaq cəmləşir.

Ekspertin sözlərinə görə, təhsildə belə bir qayda var ki, əgər sinifdə uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır.

K.Əsədov hesab edir ki, bu pedoqoji tələb yerinə yetirilməlidir. Eyni zamanda bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir.

“Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə etsinlər. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə həmin sinifdə şagirdlərə sadəcə ola­raq ümumi məlumat verirlər. Fənnləri dərindən öyrətmək istəmirlər. Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa, yaxşı olar”, – deyən Əsədovun fikrincə, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər.

Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda, bu vərdişlər ötürülmür, səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə oynayırlar və dərsin səviyyəsi sıfıra enir.

“Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrtəmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda, sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir”, – deyən ekspert apardıqları monitorinqlərə də toxunub:

“Apardığımız monitorinqlər göstərir ki, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır”.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Müəllimlər ixtisar edilməyib, sadəcə optimallaşdırılma nəticəsində azalma baş verib.

“Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması vacibdir. Optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyəti isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir”, – Əsədov əlavə edib.

Qeyd edək ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir.

Təhsil eksperti Almaz Həsrət qeyd edib ki, bir sinifdə xüsusilə ibtidai siniflərdə 35-40 nəfər şagirdin olması qeyri-mümkündür. Yəni belə siniflərdə tədrisin aparılması, azyaşlı uşaqlara mövzuların öyrədilməsi çox çətin olur.

“Bəzən 40 uşağın olduğu sinifdə elə hallar olur ki, bir uşaqdan bir ay dərs soruşmaq mümkün olmur. Təsəvvür edin ki, 45 dəqiqə ərzində sinifdə 40 uşaq olarsa, hər uşağa bir dəqiqə belə vaxt çatmır. Müəllim dərsi normal keçə, soruşa və qiymətləndirmə apara bilmir. Bu, müəllimlərin narazılığına səbəb olur. Çünki müəllimlərin üzərinə böyük yük düşür. Bu məsələdə ibtidai sinif müəllimləri daha çox əziyyət çəkir”, – Almaz Həsrət bildirib.

A.Həsrətin sözlərinə görə, yuxarı siniflərdə uşaqlar çox olduğu üçün təmayülləşmə aparılır. Burada da müəyyən problemlər yaşanır. Çünki bəzən təmayülləşmiş siniflərdə elə uşaqlar olur ki, istəmədikləri qrupa daxil olurlar. Bu da narahatlıqlar yaradır.

Ekspertlər hesab edirlər ki, Nazirlər Kabinetinin sözügedən qərarı çox yüksək nəticə verəcək. Siniflərdə 15-20 şagirdin olması müəllimə imkan yaradacaq ki, o bütün uşaqlarla məşğul ola bilsin. Dərslərin öyrədilməsi, qiymətləndirmə normal şəkildə aparılacaq. Sinifdə uşaqların az olması onların biliklərə yiyələnməsi baxımından əhəmiyyətlidir.