Vətəndaşlara valyuta mübadiləsi ilə bağlı məhdudiyyətlər qoyulub? – AÇIQLAMA

0
517

Son günlərdə bəzi mətbu orqanları və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyası açıqlama verib.

Hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir:

“Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq, banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışırlar.

Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər.

Vətəndaşlarımız AR Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”.