DGK: Video-təsvirlərdəki iddialar tamamilə əsassızdır

0
620
Aprelin 18-də bəzi internet resurslarında Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında bir qrup şəxsin gömrük orqanlarına qarşı əsassız ittihamlara söykənən etirazlarının əks olunduğu videotəsvirlər yayımlanıb.
DGK-dan bildirilib ki, həmin görüntülərdəki şəxslər konkret fakt və ya dəlil olmadan gömrük orqanlarını və onun əməkdaşlarını qanunlara əməl etməməkdə günahlandırır.
Dövlət Gömrük Komitəsi bildirir ki, etiraz edən şəxslər mütəşəkkil şəkildə İran İslam Respublikasından müxtəlif adda məhsullar alaraq Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən edilən məhdudiyyətlərdən yan keçmək məqsədilə qarşı tərəfdə əvvəlcədən razılığa gəldikləri şəxslərə paylayır, ölkənin gömrük sərhədindən keçirdikdən sonra malları həmin şəxslərdən toplayaraq satışını həyata keçirir.
Gömrük orqanlarının apardığı müşahidə və araşdırmalar nəticəsində bu şəbəkələr və İran İslam Respublikasından gətirilən malları müəyyən məbləğdə pul vəsaiti qarşılığında daşıyan və gömrük sərhədindən keçirən şəxslər müəyyənləşdirilib və qanunvericiliyin tələblərinə uyğun şəkildə müvəqqəti saxlanca götürülüb.
Lakin gömrük orqanlarının bu tələbi ilə razılaşmayan şəbəkə üzvləri qanunsuz şəkildə etiraz edərək gömrükçülərin iş rejiminə mane olur, gömrük xidmətinin fəaliyyətinə kölgə salan əsassız iddialar irəli sürürlər.
Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji dövlət qurumlarından biridir və öz işini qanunvericiliyin tələblərinə uyğun, şəffaf şəkildə həyata keçirir. Konkret Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında qeydə alınan videotəsvirlərdəki iddialar isə tamamilə əsassızdır.