Bərdə rayonunun Xanərəb kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.
Bu barədə kənd sakinləri tərəfindən məlumat verilib.
Yerli sakin iddia edir ki, səkkiz günə yaxındır kəndin bir hissəsində su yoxdur:
“Xanərəb kəndində 20-22 məcburi köçkün ailəsi yaşayır. Əvvəllər su ilə bağlı ciddi problemimiz olmayıb. Lakin bir ay ərzində artıq ikinci dəfədir ki, 60-70 ailənin həm içməli suyu yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün istifadə etdikləri artezian quyusu işləmir. Daha əvvəl də quyudan suyun çıxarılmasında istifadə edilən nasoslarda problem yaranıb, amma qısa zamanda həll olunub. Ancaq bu dəfə Bərdə rayon Su Artezian idarəsi ilə əlaqə saxlasaq da, ayın sonuna kimi qeyri-iş günü olduğunu bildirərək, müraciətimizə baxılmadı.
İsti hava şəraitini nəzərə alaraq, nəinki həyətyanı sahələr və əkin sahələrinin suya tələbatı ödənilmir, əhali heç içməli su da tapa bilmir. Maşını olanlar 2-3 km məsafəyə – kəndin aşağı hissəsinə gedərək su gətirir. Digər ailələr isə bunu edə bilmir. 70 yaşlı insanlar çətinliklə su daşımalı olurlar. Su məsələsinə bir qədər həssas yanaşa bilərdilər. Axı hər hansı fövqəladə vəziyyətlə əlaqədar növbətçi işçilər idarədə olmalıdır”.
Kənd sakini şikayətində onu da qeyd edib ki, artezian quyusunun nasosu sökülərək aparılıb və onlara bir müddət gözləməli olacaqları bildirilib.