Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi – FOTO

0
331

Bakının Tbilisi prospektində “Şamaxinka” adlanan ərazidə yol hərəkəti qaydalarında dəyişiklik edilib.

Bu barədə məlumat sosial şəbəkədə sürücülər tərəfindən paylaşılıb.

Paylaşım edən şəxs Sumqayıt istiqamətindən paytaxta giriş edən avtomobillər üçün “Şamaxinka”da “Alov” zavoduna çatmamış qoyulan geriyə dönmə nişanının ləğv olunduğunu qeyd edib.

Vurğulanır ki, bunu bilməyən sürücülər oradan geri döndüyü üçün cərimələnir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində yol hərəkəti qaydalarına müəyyən dəyişikliklər edilib:

“Bakının “20 Yanvar” dairəsi kimi tanınan ərazisində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq müəyyən tədbirlər görülüb. Bildiyiniz kimi, sözügedən ərazidə yolun genişləndirilməsi, asfalt örütyünün yenilənməsi işləri aparılır. Sürücülər geri dönmək üçün “20 Yanvar” körpüsünün altından keçə bilər”.