Xanlar Vəliyev: “Azərbaycan Silahlı Qüvvələrində baş verən cinayətlərin sayı azalıb”

0
276

Azərbaycan Silahlı Qüvvələrində baş verən cinayətlərin sayı azalıb.

Bunu Baş prokurorun müavini, Respublika hərbi prokuroru, Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular eyni zamanda hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar:

“Bütün bunların nəticəsində Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmlənib və son dövrlər hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, fərarilik, həmçinin hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayətlərinin kökü isə demək olar ki, kəsilib”.