“Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da yüksəlir”

0
319

Prezidenti İlham Əliyevin qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif etməsi, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr tərəfindən bu təklifə dəstəyin olması və eyni zamanda, videokonfransın yekun sənədinə həmin təşəbbüsün daxil edilməsi beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır.

Bu sözləri açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan koronavirus pandemiyası meydana çıxdığı ilk gündən özünə qapanmadan bu virusla mübarizədə beynəlxalq səylərə töhfə verməyə, bu istiqamətdə qazandığı uğurlu təcrübəni digər ölkələrlə bölüşməyə başlayıb. Azərbaycan təkcə milli səviyyədə yox, eyni zamanda, regional və qlobal miqyasda da COVID-19-la mübarizədə səmərəli tədbirlər görür:

“Bir müddət əvvəl dövlət başçımızın Türk Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, eləcə də görüş əsasında COVID-19-la mübaizə istiqamətində irəli sürdüyü fikirlərin dəstəkənməsi, həmçinin ölkəmizdə həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi də belə qənaətə gəlməyə zəmin yaradır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, ölkəmiz üçün priotitet məsələ insanların sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsidir. Bu məqsədlərə nail olmaq üçün dövlətimiz ilk gündən lazımi addımları atdı, ölkə rəhbərinin şəxsən nəzarəti ilə antiböhran konsepsiyası işə salındı. Bu gün, demək olar ki bütün sahələrlə bağlı nəzarət tətbiq edilib. Qısa müddətdə Azərbaycanın bu istiqamətlərdə səyləri öz töhfəsini verdi. Hazırkı mürəkkəb dövrdə Azərbaycan bir çox ölkələrə dəstəyini əsirgəmir, onların yanında olmağa da çalışır”.

Millət vəkili qeyd edib ki, belə bir mötəbər quruma rəhbərlik etmək və dünya ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist, uzaqgörən siyasətinin göstəricisidir: “Bu, həm də dövlətimizin milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani isbatıdır. Pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və çıxış yolu ilə bağlı birlikdə müzakirələr aparıldı.

Prezident İlham Əliyevin ölkəmizin pandemiyaya qarşı apardığı uğurlu mübarizə barədə geniş şəkildə məlumat verməsi pandemik mübarizədə Azərbaycan modelini digər ölkələrlə bölüşməyə hazır olduğunun göstəricisi idi”.

T.Cəfərova vurğulayıb ki, Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə fəaliyyəti Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Dövlət başçımızın pandemiyaya qarşı apardığı uğurlu mübarizə, o cümlədən Qoşulmama Hərəkatı üzvlərini təkrar birliyə səsləməsi üzv ölkələr tərəfindən də son dərəcə yüksək qarşılandı. Qəbul edilən birgə bəyannamədə də Prezident İlham Əliyevin fəaliyyəti xüsusilə ilə qeyd edildi. Vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.