Kosmonavtların başına gələn maraqlı hadisələr: Yuri Qaqarin kosmosa niyə tapança aparmışdı… – FOTO

0
438

12 aprel Ümumdünya Kosmonavtika günüdür. 1961-ci ilin bu tarixində ilk dəfə olaraq SSRİ vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə kosmosa uçan Yuri Qaqarin 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. Bu, 20-ci əsrin tarixinə ən mühüm hadisələrdən biri kimi yazılıb.
Digər sahələrdə olduğu kimi, kosmonavtika sahəsində də bir çox maraqlı hadisələr baş verib, kosmonavtların həyatı uğurlarla yanaşı, kuryoz hadisələrdən da yan keçməyib.
Səma adamları haqqında maraqlı faktları təqdim edirik:
– Kosmonavtika tarixində bir nəfər belə, kosmonavt kosmosda həlak olmayıb. Bədbəxt hadisələr ya uçuşa start zamanı baş verib, ya da yerə eniş zamanı. Bu hadisələr zamanı 18 nəfər kosmonavt həlak olub.
– Yuri Qaqarin kosmosa baş leytenanat rütbəsində uçub, yerə enəndə isə o, artıq mayor rütbəsində olub. Uğurlu uçuşdan sonra Nikita Xruşov müdafiə naziri Rodion Malinovskiyə Qaqarinə növbədənkənar rütbənin verilməsi haqqında göstəriş verəndə nazir baş katibə kosmonavtın artıq mayor rütbəsi daşıdığını məruzə edib.
– Yuri Qaqarin kosmosa uçanda ona “Makarov” tapançası verilib. Silahı kosmosa aparmaqda məqsəd ondan ibarət olub ki, yerə eniş zamanı kosmonavt nəzərdə tutulmuş yerə yox, başqa bir yerə düşərsə, təhlükəsizliyini təmin etsin.
– Kosmosa ilk uçuşda SSRİ Amerikanı qabaqlayanda ABŞ-ın səsləndirdiyi “kosmosa ilk uçan qadın amerikalı olacaq” bəyanatına Xruşov vaxtlı-vaxtında əməli işi ilə cavab verməyi bacarıb. Bu bəyanatdan sonra Nikita Xruşov Siyasi Büronun üzvləri və müvafiq qurumların rəhbərləri ilə 6 saatdan artıq davam edən müşavirə keçirib.
Müşavirənin son qərarı olaraq Xruşov nəyin bahasına olursa-olsun, kosmosa uçacaq ilk qadının sovet qadını olması üçün qarşıya konkret tapşırıqlar qoyub.
Beləliklə, 16 iyun 1963-cü ildə Valentina Tereşkova kosmosa gedən ilk qadın kimi adını tarixə həkk etdirib. “Vostok-6” kosmik gəmisi ilə təxminən 3 sutkaya yaxın kosmosda olan Tereşkova Yer ətrafında 48 dəfə dövrə vurub. Məxfi saxlanılan bu uçuş haqqında yalnız həmin gün məlumat verilib. Bu xəbər ABŞ-ın siyasi rəhbərliyini sözün əsl mənasında şoka salıb.
– Rus kosmonavtı Valeri Polyakov kosmosda ən uzun müddətdə qalan kosmonavtdır. O, ömrünün 438 gününü kosmosda keçirib.
– Amerikalı kosmonavtlar Cen Devis və Mark Li rəsmi nikahda olan yeganə cütlükdür ki, kosmosa birlikdə uçublar.
– Suriyanın ilk və yeganə kosmonavtı Məhəmməd Əhməd Fariz 1987-ci ildə kosmosa səkkiz günlük uçuş edib.
Sovet İttifaqı Qəhrəmanı adını alan kosmonavt 2012-ci ildə Türkiyəyə qaçıb, prezident Bəşər Əsədə qarşı mübarizə aparan “Suriya azadlıq ordusu”nu dəstəkləyib, 2016-cı ilin fevralında isə Suriyada 2 min dinc əhalinin ölümündə Rusiyanı ittiham edib.
leonov.jpg (268 KB)
– 1965-ci ildə SSRİ kosmonavtı Aleksey Leonov ilk dəfə olaraq açıq kosmosa çıxıb.
– SSRİ kosmonavtı German Titov dünyada kosmosu fəth edən ən cavan kosmonavt olub. Titov kosmosa 26 yaşında “səyahət” edib.
German Titov kosmosda uzun müddət qalan ilk kocmonavt olub. O, bununla kosmosda yaşamağın, normal qidalanmağın, yatmağın mümkün olduğunu sübut edib.
Titov 1 sutka 1 saat ərzində Yer kürəsinin ətrafında “Vostok-2” gəmisi ilə 17 dəfə dövrə vuraraq 703 min kilometr məsafə qət edib.
kjh.jpg (90 KB)
– Amerika Birləşmiş Ştatlarından kosmosu ilk dəfə Con Qlenn fəth edib. 1962-ci ildə kosmosa uçanda onun 41 yaşı olub. Con Qlenn 4 saat 55 dəqiqə ərzində orbitdə 3 dəfə dövrə vuraraq uçuşunu uğurla sona çatdırıb. Amerika qəhrəmanı titulunu qazanan kosmonavt dünyanın ən tanınmış simalarından birinə çevrilib.
Con Qlenn kocmonavtika sahəsində rekorda imza atıb. O, 1998-ci ildə 77 yaşında “Diskaveri” kosmik gəmisində 213 saat 44 dəqiqə kosmosda qalaraq dünyanın göylərdəki ən yaşlı “qonağı” kimi yeni rekord əldə edib.
– 21-ci əsrdə kosmosa uçanlar yalnız kosmonavtlar olmayıblar. Artıq 7 nəfər turist qismində göyləri fəth edib. Bunun üçün hər bir kosmos həvəskarı 20-30 milyon dollar sərf edib.
Amerikalı Çarlz Simoni isə kosmosda iki dəfə olub. O, kosmosa üçüncü səfərini də planlaşdırıb. Amma nikaha girdikdən sonra, nikah müqaviləsində həyat yoldaşı ona bir daha kosmosa uçmağı qadağan edib.
kosmonavt_fact_9.jpg (99 KB)
– Kosmonavtların kosmosdakı yaşam tərzinin də maraqlı məqamları var. Uçuşa qədər kosmonavtlara kosmik gəmidə tualetdən istifadə etməsi ilə bağlı xüsusi təlimlər keçirilir. Adi unitazlardan fərqli olaraq, kosmik gəmidəki unitazlarda bir neçə qurğular olur ki, bu da kosmonavtların unitaza əyləşəndə təhlükəsizliyini təmin edir. Qeyd edək ki, kosmik gəmilər üçün tualet kabinəsi Rusiyada istehsal olunur. Bu kabinələrin qiyməti isə nə az, nə çox, 19 milyon dollardır.
– Kosmonavtlar kosmosda olarkən sutka ərzində 4 dəfə qidalanırlar. Rasionun 3200 kaloridən artıq olmamasına ciddi nəzarət edilir.
– Amerikalılar ayın 13-cü günü kosmosa uçuş etmirlər. 1970-ci il aprelin 13-də “Apollon-13” gəmisinin qəzaya uğramasından sonra 13 rəqəmi amerika kosmonavtları üçün uğursuz rəqəm sayılır.
– Ruslar isə həftənin birinci günləri uçuş planlaşdırmırlar. Bir neçə dəfə baş vermiş qəzalar məhz həftənin birinci gününə təsadüf etdiyindən bazar ertəsi uğursuz gün kimi qəbul edilir.