“Roskosmos” Trampın Ay resursları barədə fərmanını təcavüzkar adlandırıb

0
476

“Tarixdə artıq bir ölkənin öz maraqları üçün əraziləri ələ keçirməyə qərar verməsi nümunələri olub – hamı bunun necə nəticələndiyini xatırlayır”, – Sergey Savelyev bildirib.

ABŞ-ın kosmik resursları hasil etmək hüquqlarını mənimsəməyə dair təcavüzkar planları beynəlxalq əməkdaşlığa zərər vurur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktorunun beynəlxalq əməkdaşlıq üzrə müavini Sergey Savelyev bildirib.

ABŞ Prezidenti Donald Tramp aprelin 6-da amerikalıların kosmik resursların hasilatına dair hüququnu möhkəmləndirən fərman imzalayıb və altı ay ərzində digər ölkələrlə Ay və digər kosmik cisimlərdə resursların istifadəsi, işlənməsi və hasilatı ilə bağlı sazişləri müzakirə etməyə göstəriş verib.

“Kosmik məkanın ekspropriasiyası cəhdləri və digər planetlərin ərazilərinin faktiki olaraq ələ keçirilməsi üzrə təcavüzkar planlar ölkələri çətin ki, məhsuldar əməkdaşlığa kökləsin”, – Savelyev bildirib.

“Tarixdə artıq bir ölkənin öz maraqları üçün əraziləri ələ keçirməyə qərar verməsi nümunələri olub – hamı bunun necə nəticələndiyini xatırlayır”, – o, əlavə edib.