Aprelin 1-də ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya və Səudiyyə Ərəbistanı ilə neft sektorunu dəstəkləmək məqsədilə dünya bazarlarında neftin qiymətinin artırılması məsələsini müzakirə edəcək
Amerika Birləşmiş Ştatlarının Prezidenti donald Tramp bəyan dib ki, əgər dünya bazarlarında neftin qiyməti indiki səviyyədə qalsa, onda neftin idxalına görə yüksək rüsumlar tətbiq edəcək. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Əgər onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) razılaşmasalar, mən rüsumlar tətbiq edəcəyəm. Çox yüksək rüsumlar. Çünki biz hazırda müstəqilik. Bizim öz neftimiz var”, – deyə Tramp bildirib.
O, eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar “xarici ölkənin neftini almaq istəmir”.
Xatırladaq ki, aprelin 1-də ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya və Səudiyyə Ərəbistanı ilə neft sektorunu dəstəkləmək məqsədilə dünya bazarlarında neftin qiymətinin artırılması məsələsini müzakirə edəcək.
“Onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) toplaşmağı planlaşdırır, biz hamımız nə edə biləcəyimizi dəyərləndirmək üçün toplaşmağı planlaşdırırıq. Çünki siz sənayenizi itirmək istəmirsiniz. Bu, minlərlə, minlərlə iş yeridir”, – deyə Tramp vurğulayıb.
O etiraf edib ki, aşağı neft qiymətləri bir tərəfdən ABŞ aviaşirkətlərinə yardım edir, digər tərəfdən ABŞ-ın neft sənayesinə zərbə vurur: “Bu iki ölkə bunu müzakirə edir. Lazım olsa, mən də qoşulacağam”, – deyə Tramp əlavə edib.
Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla “yaxşı söhbət” edib.
Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşü nəticəsiz başa çatıb.
Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.
Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.