Bu gün dünyada gülüş günüdür

0
484

Bu gün 1 aprel dünyanın bir çox ölkələrində beynəlxalq bayram kimi olmasa da, əyləncə, aldatma günü kimi qeyd olunur. Adətən insanlar 1 apreldə bir-birləri ilə zarafatlaşır, təbəssüm yaratmağa çalışırlar. Bəzən bu günü “Gülüş günü”, bəzən də “Axmaqlar günü” adlandırırlar.

Ümumiyyətlə, 1 aprel haqqında müxtəlif versiyalar var. Onlardan biri də budur ki, qədim Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilib və bu bayramı ağılsızların günü adlandırılıb. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar ediblər.
O da məlumdur ki, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi.

Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda, səfehlər kralı və ya zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf etdiyi bildirilir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

Bununla yanaşı, 1 aprel dünyanın bəzi ölkələrində xoşbəxt olmayan gün də hesab olunur. Məsələn, əvvəllər Almaniya və Avstriyada hesab edilirdi ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Səbəb isə budur ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

Lakin hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Azərbaycanda da sovet dövründən başlayaraq 1 aprel günü zarafat, gülüş günü kimi qeyd edilir.

Dünya mətbuatında 1 aprel ilə bağlı xeyli zarafatlı faktlar olub. Məsələn, 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.

1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.

1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.

1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.

Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib. İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.