YAP-ın yaradılmasından 34 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 ili tamam olur.

Müstəqilliyin ilk illərində Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi hadisələr, ölkənin üzləşdiyi ciddi təhlükələr yeni siyasi təşkilatın meydana gəlməsini tarixi zərurətə çevirmişdi. Həmin dövrdə ölkədə siyasi böhran getdikcə dərinləşir, dövlət idarəçiliyindəki səriştəsizlik özünü daha qabarıq göstərir, separatizm meyilləri güclənir, ölkədə vətəndaş qarşıdurması alovlanır, Ermənistanın təcavüzü isə ağır nəticələr doğururdu. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın gələcəyi ciddi təhlükə ilə üz-üzə qalmışdı.

Belə bir çətin mərhələdə xalqın ümid bəslədiyi yeganə şəxs zəngin dövlətçilik və idarəçilik təcrübəsinə sahib Ulu Öndər Heydər Əliyev idi. Ölkənin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edərək, yeni siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdülər. Ümummilli Lider həmin il oktyabrın 24-də ünvanladığı məktubla bu təşəbbüsü dəstəklədiyini bildirdi. Bununla da Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanmasına zəmin yarandı.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması rəsmən elan edildi. Bu hadisə ölkənin sonrakı inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı. Çünki həmin vaxt Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, hakimiyyət uğrunda mübarizə və müharibənin yaratdığı ağır vəziyyət dövlətçiliyin mövcudluğunu belə təhlükə altında qoymuşdu. Heydər Əliyevin siyasi həyata qayıdışı xalqın xilasına və ölkənin sabitlik yoluna çıxmasına təkan verdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçilik ənənələri möhkəmləndirildi və idarəetmə sistemində köklü dəyişikliklər həyata keçirildi. Qısa müddət ərzində sabitliyin bərqərar olması, iqtisadi islahatların başlanması və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində mühüm addımlar atıldı. Yeni Azərbaycan Partiyasının cəmiyyət tərəfindən geniş dəstəklənməsi isə xalqın Ümummilli Lider Heydər Əliyevə olan böyük inam və etimadının ifadəsinə çevrildi.

Müstəqil Azərbaycanın tarixində 1993–2003-cü illər dövlət quruculuğu və inkişaf baxımından xüsusi mərhələ kimi səciyyələnir. Məhz bu dövrdə Azərbaycanın gələcək iqtisadi qüdrətini müəyyən edən mühüm layihələr həyata keçirildi. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin reallaşdırılması, iqtisadiyyatın dirçəldilməsi və ordu quruculuğunda yeni mərhələnin başlanması ölkənin inkişafına böyük töhfə verdi. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.

Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün də müstəqil Azərbaycanın dövlətçilik və ideoloji dayaqlarının əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq nüfuzunu daha da artırıb.

Bu inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin genişləndirilməsidir. Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirməklə yanaşı, Avropa və Mərkəzi Asiyaya birbaşa çıxış imkanları yaradacaq Zəngəzur dəhlizi, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi kimi strateji layihələr xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada, o cümlədən Asiya və Yaxın Şərqdə mühüm geosiyasi aktor kimi mövqeyini gücləndirir.

Hazırda Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi təşkilatıdır. Partiya üzvləri arasında gənclərin çoxluq təşkil etməsi onun gələcəyə istiqamətlənmiş fəaliyyətinin mühüm göstəricilərindən biridir. Bu gənclər Vətən müharibəsi zamanı da öz fəallıqları və fədakarlıqları ilə tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadılar.

Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolunda mühüm hadisələrdən biri də 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində partiyanın VIII Qurultayının keçirilməsi oldu. Bu qurultay özünəməxsus tarixi əhəmiyyət daşıyırdı. Belə ki, ilk dəfə idi ki, partiyanın ali toplantısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilirdi. Bu, ölkəmizin qazandığı tarixi Zəfərin siyasi və mənəvi əhəmiyyətini bir daha ön plana çıxarır, Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin başlanğıcını ifadə edirdi.

VIII Qurultayda Prezident İlham Əliyev partiyanın ölkənin inkişafındakı rolunu yüksək qiymətləndirərək demişdi: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı, böyük töhfəsi var”.

Dövlətimizin başçısının bu fikirləri YAP üzvlərinin Azərbaycanın siyasi, ictimai və dövlət quruculuğu proseslərindəki fəal iştirakına verilən mühüm qiymətdir. Həqiqətən də partiyanın yarandığı gündən etibarən keçdiyi inkişaf yolu onun ölkənin taleyüklü məsələlərində üzərinə götürdüyü məsuliyyəti və dövlətçilik maraqlarına xidmət edən fəaliyyətini əks etdirir. Partiyanın fəallarının ölkənin inkişafı, milli maraqların qorunması və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması istiqamətində iştirakı onun ictimai-siyasi həyatdakı mövqeyini daha da möhkəmləndirib.

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında partiyanın yaranmasının tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdi: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı”.

Bu fikirlər Yeni Azərbaycan Partiyasının təsis olunmasının Azərbaycanın müstəqillik tarixində nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. 1992-ci ildə Naxçıvanda əsası qoyulan siyasi təşkilat sonrakı illərdə ölkənin inkişaf strategiyasının həyata keçirilməsində mühüm siyasi qüvvəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu baxımdan dövlətimizin başçısının qeyd etdiyi kimi, YAP-ın təsis qurultayı ölkəmizin sonrakı qələbələrinə aparan tarixi yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.(Azərtac)