Dünyanın ən möhtəşəm körpülərindən biri: İnsanların ora qalxmasına niyə icazə verilmir?

Çində yerləşən Beipanjiang körpüsü çaydan 565 metr yüksəklikdə yerləşir və dünyanın ən hündür körpüsü hesab olunur. Təxminən 200 mərtəbəli binanın hündürlüyünə bərabər olan bu nəhəng qurğunun dayaqlarına turistlərin qalxmasına icazə verilmir.

Körpünün hündürlüyü yol yatağından su səviyyəsinədək olan məsafə ilə ölçülür. Bu göstəriciyə görə, 496 metr hündürlüyündəki Siduhe körpüsü ikinci, 487 metrlik Jing’an körpüsü isə üçüncü yerdədir.

Fransanın məşhur Millau Viaduku isə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Bunun səbəbi ölçmə üsullarının fərqli olmasıdır. Millau körpüsünün ən hündür dayağı 343 metr olsa da, yol yatağının yerdən hündürlüyü 270 metrdir.

Körpü niyə bu qədər hündür tikilib?

Beipanjiang körpüsü əhəngdaşından ibarət dərin dərənin üzərində inşa edilib. Ərazidəki qayaların kövrək olması və yeraltı boşluqların mövcudluğu mühəndislər üçün ciddi çətinlik yaradıb. Dayaqların möhkəm təməl üzərində qurulması zərurəti nəticədə körpünün yol hissəsinin 565 metr yüksəklikdə yerləşməsinə səbəb olub.

Körpü Hangzhou-Ruili avtomobil yolunun üzərində yerləşir. Hər istiqamətdə iki hərəkət zolağı var. Onun istifadəyə verilməsi Liupanshui ilə Xuanvey arasındakı avtomobil yolunu xeyli qısaldıb: əvvəllər təxminən dörd saat çəkən məsafəni indi bir saata qət etmək mümkündür.

Turistlər niyə dayaqlara buraxılmır?

Körpünün nəhəng dayaqları turistlər üçün nəzərdə tutulmayıb. Onların daxilindəki pilləkənlər və liftlər yalnız texniki xidmət əməkdaşlarının istifadəsi üçündür. Dayaqların zirvəsinə turist səfərləri təşkil edilmir.

Buna səbəb təhlükəsizlik məsələləridir. Dayaqların daxilində dar pilləkənlər, texniki kabellər və xüsusi xidmət avadanlıqları yerləşir. Bundan başqa, böyük yüksəklikdə küləyin yaratdığı yüklənmə də xüsusi hesablamalar tələb edir.

Körpünün mənzərəsini müşahidə etmək üçün giriş hissəsindəki platformadan istifadə etmək mümkündür, ən möhtəşəm görüntülər isə yoldan və dron vasitəsilə çəkilən kadrlarda əks olunur.