Dünyanın ən bahalı küçəsi müəyyənləşdi

ABŞ-nin Nyu-York şəhərinin Beşinci prospekti (Fifth Avenue) Londonun Nyu-Bond-strit və Milanın Montenapoleone küçələrini geridə qoyaraq dünyanın ən bahalı ticarət küçələri reytinqində yenidən birinci yerə yüksəlib.

Bu məlumat “Cushman & Wakefield” beynəlxalq konsaltinq şirkətinin dünyanın 147 aparıcı ticarət küçəsini əhatə edən “Main Streets Across the World 2026” adlı illik araşdırmasında yer alıb.

Son bir il ərzində Manhettenin nüfuzlu ərazisində kommersiya sahələrinin icarə qiyməti 35% artaraq ildə bir kvadratmetr üçün təxminən 29 063 dollara çatıb.

Beşinci prospekt üçüncü yerdən birinci yerə yüksələrək 2023-cü ildən bəri ilk dəfə liderliyi geri qaytarıb.

Müqayisə üçün qeyd edək ki, ötən il reytinqdə birinci olan Londonun Nyu-Bond-strit küçəsində icarə haqqı ildə hər kvadratmetr üçün təxminən 24 004 dollar, Milanın Via Montenapoleone küçəsində isə 23 250 dollar təşkil edir. Hər iki küçədə icarə qiymətləri son bir ildə demək olar ki, dəyişməyib.

Söhbət Beşinci prospektin təxminən yarım mil uzunluğundakı yuxarı hissəsindən – 49-cu küçədə yerləşən “Saks Fifth Avenue” univermağından Mərkəzi Parkın 60-cı küçə yaxınlığındakı cənub-şərq hissəsinədək olan ərazidən gedir. Burada dünyanın aparıcı brendlərinin butikləri, zərgərlik mağazaları və “Tiffany & Co.”, “Bergdorf Goodman” kimi məşhur univermaqlar yerləşir.