Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır.
Sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunur ki, vergi ödəyicilərinin borcları üzrə hesablanan faizlərin bir ildən çox olmayan müddətə tətbiq edildiyini nəzərə alaraq, vergi ödəyicisinin artıq ödəməsinin geri qaytarılması zamanı gecikmə halları ilə bağlı faiz məbləğlərinin hesablanması müddətinin məhdudlaşdırılması və hər bir ötmüş gün üçün faiz dərəcəsinin 0.1 faizdən 0.05 faizə endirilməsi təklif olunur.
Qeyd olunur ki, mövcud şəraitdə geriqaytarma prosesində yaranan gecikmələrə görə hesablanan faizlərin müddətsiz olması fiskal yükün qeyri-mütənasib artımına səbəb ola və büdcə ödəliklərinin idarə olunmasında əlavə risklər yarada bilər. Bu baxımdan, faizlərin hesablanma müddətinin iki illə məhdudlaşdırılması həm dövlət, həm də vergi ödəyiciləri üçün hüquqi müəyyənlik yaradır.
Təklif artıq ödəmələrin qaytarılması üzrə gecikmə hallarında yaranan maliyyə öhdəliklərinin idarəolunan səviyyədə qalmasını təmin edəcək.



