6 uşaq böyüdənlərə mənzil hədiyyəsi: Ermənistan hökumətindən yeni qərar

Ermənistanda altı və daha çox azyaşlı uşağı olan ailələrə mənzil sahibi olmaq üçün dövlət hesabına ipoteka dəstəyi veriləcək. Proqram çərçivəsində kreditin 100 faizi subsidiya ediləcək.

Bu barədə qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul olunub.

Proqrama əsasən, ailəyə hər azyaşlı uşağa görə 4 milyon dram (təxminən 11 min dollar) ayrılacaq. Bu vəsait mənzil almaq və ya ev tikmək üçün istifadə edilə bilər. Kənddə yaşamağa üstünlük verən ailələrə isə əlavə 4 milyon dram veriləcək. Həmin vəsait torpaq sahəsinin alınmasına, ev tikintisinə və ya kənd təsərrüfatı təyinatlı torpağın əldə edilməsinə yönəldilə bilər.

İpoteka üzrə ilkin ödəniş 0 faiz, kreditin müddəti isə 120 ay müəyyənləşdirilib. Mənzilin sahəsi hər ailə üzvünə ən azı 10 kvadratmetr hesabı ilə olmalıdır.

Proqramdan 2027-ci il iyulun 1-dək altı və daha çox yetkinlik yaşına çatmayan uşağı olan, bütün ailə üzvləri Ermənistan vətəndaşlığına malik şəxslər yararlana biləcək. Ailənin illik bəyan edilmiş ümumi gəliri 10 milyon dramı keçməməlidir.

Bundan başqa, müraciətdən əvvəlki iki il ərzində ailənin 50 milyon dramdan baha kadastr dəyəri olan yaşayış əmlakına sahib olmaması tələb edilir.

Proqram 2027-ci il iyulun 1-də qüvvəyə minəcək. Elektron müraciətlər 2029-cu il dekabrın 31-dək qəbul ediləcək.